Gəncədə Dumanlar başımda dastana döndü adlı sərgi

Mədəniyyət Nazirliyi və Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilati dəstəyi ilə Gəncə şəhərindəki Məhsəti Gəncəvi Mərkəzində YARAT Müasir İncəsənət Məkanının Dumanlar başımda dastana döndü adlı qrup sərgisi açılıb. Sərgidə yerli rəssam və fotoqrafların əsərləri nümayiş olunur.

 

Sərgi Azərbaycanın Vətən müharibəsində tarixi Zəfərinə, ümumilikdə Qarabağ münaqişəsinə, eləcə də erməni silahlı qüvvələrinin müharibə cinayətlərinə həsr olunub.

 

YARAT-ın İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Hökümə Kərimova və kurator Zəhra Məmmədova sərgi haqqında məlumat veriblər.

 

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov sərginin əhəmiyyətini yüksək qiymətləndirib. O, 44 günlük Vətən müharibəsi zamanı cəbhə bölgəsindən uzaq olan qədim Gəncənin Ermənistanın raket hücumlarından əziyyət çəkdiyini, çoxsaylı insan tələfatı olduğunuinfrastruktura ciddi ziyan dəydiyini qeyd edib: Çox şükürlər olsun ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuz işğal altında olan ata-baba yurdlarımızı düşməndən xilas edərək xalqımıza şanlı Qələbə qazandırdı.

 

Açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin məsul işçisi Yadigar Bədəlov, şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, AMEA Gəncə Bölməsinin əməkdaşı Elnur Həsənov və Gənclər evinin direktoru Amil Qurbanov da çıxış edib.

 

Qeyd edək ki, sərginin adı Vətən müharibəsində şəhid olmuş gizir Xudayar Yusifzadənin özünəməxsus ifasında səslənən, görkəmli xanəndə, Xalq artisti Əlibaba Məmmədovun Əliağa Vahidin sözlərinə yazdığı Vətən yaxşıdır (hazırda Xudayar təsnifi adlanır) təsnifindən götürülüb. Bu mahnı həmçinin sərgidə nümayiş olunan Rəşad Ələkbərovun instalyasiyasının tərkib hissəsidir.

 

Sərgidə Ağababa Bağırov, Elnur Babayev, İlqar Cəfərov, Şahvələd Eyvazov, Erkin Ələkbərli, Rəşad Ələkbərov, Xalid Əsgərov, Mirnaib Həsənoğlu, Əli Qafarov, Cavid Qurbanov, Oleq Litvin, Əli Rza və Nurəhməd Vəliyev kimi rəssam və fotoqrafların instalyasiya, fotoqrafiya və rəqəmsal sənət əsərləri nümayiş olunur. Ekspozisiyaya YARAT-ın və Azərbaycan Fotoqraflar Birliyinin fondlarında saxlanılan əsərlər və fotomateriallar daxil edilib.

 

Sərgi sentyabrın 25-dək davam edəcək.

 

Mədəniyyət.- 2021.- 14 iyul. S. 3.