Diplomatların peşə bayramında Qarabağda

Azərbaycanda diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü iyulun 9-da ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri üçün Qarabağa səfər proqramı təşkil edilib.

 

Xatırladaq ki, 9 iyul 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyi diplomatik fəaliyyət haqqında normativ aktı XİN-in katibliyi haqqında müvəqqəti təlimatı təsdiq edib. Bu, Azərbaycanda peşəkar diplomatiya fəaliyyətini tənzimləyən ilk normativ-hüquqi sənəd sayılır. Prezident İlham Əliyevin 24 avqust 2007-ci il sərəncamı ilə 9 iyul Azərbaycanda diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü elan edilib.

 

Əlamətdar gündə dövlət başçısının tapşırığına əsasən təşkil edilən səfərin iştirakçıları Füzuli rayonundaŞuşa şəhərində olublar. Xarici diplomatik korpusun nümayəndələrini səfərdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov müşayiət ediblər.

 

Öncə Füzuli rayonuna gələn diplomatik korpusun nümayəndələri Füzuli Beynəlxalq Hava Limanının tikintisi ilə tanış olublar. AZAL-ın əməkdaşı Valeh Əmiraslanov hava limanının tikintisi ilə bağlı diplomatları məlumatlandırıb. Bildirib ki, tikintisi bu ilin yanvarında başlayan hava limanının ərazisi 250 hektardır. Uzunluğu 3 km, eni 60 metr olan uçuş zolağı istənilən qabaritli təyyarələri qəbul edə biləcək. Hava limanına ilk təyyarələrin qəbulu (sınaq uçuşu) sentyabrın 5-nə nəzərdə tutulub.

 

Sonra xarici diplomatlar Füzuli yarımstansiyası ilə tanış olublar. Azərenerjinin Qarabağ regionu üzrə rəhbəri Mircəlal Hüseynov məlumat verib ki, iyunun 14-də açılışı olan yarımstansiya Füzuli şəhəri, şəhərətrafı kəndlər və hava limanını təminetmə gücünə malikdir.

 

Füzuli rayonundan Şuşaya gələn diplomatik korpus nümayəndələrinin burada ilk tanışlıq məkanı tarixi Şuşa qalası olub. Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qalanın tarixi, arxitekturası barədə xarici diplomatları məlumatlandırıb. Şuşa qalasının önündə xatirə fotosu çəkdirilib.

 

Diplomatik korpusun nümayəndələri Şuşada xan qızı Xurşudbanu Natəvanın inşa etdirdiyi bulaqla tanış olublar. Qonaqlara Xan qızı bulağının tarixi barədə məlumat verilib.

 

Xarici diplomatlar Şuşadakı Saatlı məscidinə baş çəkib, ermənilərin işğal zamanı məsciddə törətdiklər dağıntılarla tanış olublar. Diplomatlar erməni vandalizminin qurbanı olan daha bir tarixi mədəni abidə Aşağı Gövhər ağa məscidində də olublar.

 

Daha sonra onlar Şuşada salamat qalmış yeganə məscidi Yuxarı Gövhər ağa məscidini ziyarət ediblər. Bəzi müsəlman ölkələrinin diplomatları məsciddə namaz qılıblar.

 

Diplomatik korpusun nümayəndələri 2021-ci il iyunun 15-də tarixi Şuşa Bəyannaməsinin imzalandığı yerdə və qədim Mərdinli məhəlləsində olub, şəhərin mərkəzi meydanında Azərbaycan mədəniyyətinin tanınmış simaları Xurşudbanu Natəvan, BülbülÜzeyir Hacıbəylinin güllələnmiş heykəllərini ziyarət edib, Qarabağ xanlığının qurucusu Pənahəli xanın sarayının qalıqları olan əraziyə, Mehmandarovların malikanə kompleksinə, Qazançı kilsəsinə baxış keçiriblər. Qonaqlar Şuşadakı çörək sexində bişirilən Qala çörəyinin dadına da baxıblar.

 

Səfər iştirakçıları Azərbaycan dövləti tərəfindən Şuşada aparılan abadlıq-quruculuq və təmir-bərpa işləri barədə ətraflı məlumatlandırılıb.

 

İyulun 9-u gecə Şuşada qalan qonaqların qala-şəhərdə son tanışlıq məkanı Cıdır düzü olub. Onlar Cıdır düzündən açılan gözəl mənzərəni seyr ediblər. Burada qonaqlar üçün çay dəsgahı təşkil olunub.

 

İyulun 10-da diplomatik korpus nümayəndələrinin Şuşaya səfəri başa çatıb.

 

 

Diplomatlar real faktlar ilə yerində tanış olmaq imkanı əldə etdilər

 

 

Ölkəmizin əraziləri işğaldan azad edildikdən və 2020-ci il noyabrın 10-da Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından sonra, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərləri təşkil olunur. Onlar yerindəcə mövcud vəziyyətlə, eləcə də ermənilərin 30 il ərzində törətdikləri vandalizm, Azərbaycan xalqının tarixi-mədəni irsinin talan və məhv edilməsi ilə tanış olurlar.

 

Bu fikri Azərbaycan Respublikası Prezidentinin köməkçisi Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev əcnəbi diplomatların Şuşaya səfərindən danışarkən deyib (APA).

 

Prezidentin köməkçisi qeyd edib ki, ötən müddətdə Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Laçın və Ağdam rayonlarına müxtəlif səfərlər təşkil olunub. Hikmət Hacıyevin sözlərinə görə, 9-10 iyul tarixlərində Şuşa şəhərinə səfərdə ümumilikdə 46 ölkənin diplomatları iştirak ediblər: Səfərdə Avstriya, Belarus, Bolqarıstan, Braziliya, Çin, Əfqanıstan, Əlcəzair, Fələstin, Gürcüstan, Xorvatiya, İordaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kolumbiya, Koreya, Qətər, Latviya, Macarıstan, Malayziya, Meksika, Mərakeş, Niderland, Pakistan, Polşa, Serbiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə, Ukrayna, Yaponiya, Yunanıstan səfirləri, Belçika, BƏƏ, Çili, Estoniya, İraq, İran, Qazaxıstan, Litva, Liviya, Rumıniya, Slovakiya, Sudan və Venesuelanın müvəqqəti işlər vəkilləri, eləcə də Dünya Səhiyyə Təşkilatının və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkəmizdəki nümayəndələri iştirak etmişlər. Bu səfərlərdə, xüsusilə Şuşaya səfərdə iştirak etmiş bütün səfirlərə və əcnəbi diplomatik xidmət əməkdaşlarına təşəkkürümüzü bildirirəm.

 

Qeyd edək ki, Azərbaycanda 66 dövlətin səfirliyi, 22 beynəlxalq təşkilatın nümayəndəliyi mövcuddur.

 

Hikmət Hacıyev xarici diplomatların işğaldan azad edilmiş ərazilərə səfərlərinin təşkilinin məqsədini də diqqətə çatdırıb. Bildirib ki, bu kimi səfərlər olduqca əhəmiyyətlidir: Diplomatlar real faktlar ilə yerində tanış olmaq imkanı əldə etdilər. Səfirlərin tam dolğun məlumatla təmin olunması onların təmsil etdikləri ölkələrin düzgün məlumatlandırılması və yalan və qərəzli siyasi kampaniyaların qarşısının alınmasıdır. Bu, bir daha Azərbaycanın bu kimi məsələlərdə açıqlığını və şəffaflığını göstərir.

 

Prezidentin köməkçisi bildirib ki, xarici diplomatlar daha öncə FüzuliAğdam kimi şəhərlərin ermənilər tərəfindən sistematik şəkildə dağıdılmasının nəticələrini öz gözləri ilə görmüşdülər. Həmin şəhərlərdə fiziki olaraq ermənilərin mülki əhalisi yaşamırdı. Amma eyni mənzərənin onlar Şuşa şəhərində də şahidi oldular. Ermənilər Şuşa şəhərində yaşasalar da, Şuşa da çoxsaylı dağıntılara məruz qalıb və onun maddi mədəni irsinə ciddi ziyan dəyib. Diplomatik heyət də daxil olmaqla, heç kim Ermənistanın bu vandalizm əməllərini törətməkdə məqsədinin nədən ibarət olmasına birmənalı cavab tapa bilmirdi. Əslində, cavab sadədir. Ermənilər Şuşa daxil olmaqla, digər işğal etdikləri ərazilərə yad olub, ona görə də müvəqqəti işğal dövründə yalnız talanla məşğul olublar deyə Hikmət Hacıyev vurğulayıb.

 

O qeyd edib ki, işğaldan azad olunmuş Füzulidə və Şuşada qısa müddət ərzində infrastruktur layihələrinin belə yüksək sürətlə həyata keçirilməsi hər kəsdə böyük heyranlıq doğurub. Füzuli yarımstansiyasından Şuşa şəhərinə elektrik enerjisinin çatdırılması, yol-nəqliyyat infrastrukturunun qurulması, ələlxüsus çətin relyef şəraitində Zəfər yolunun və digər paralel yolların çəkilməsi qonaqlarda böyük təəssürat yaradıb.

 

Hikmət Hacıyev bildirib ki, Prezidentin tapşırığına uyğun olaraq, belə səfərlər bundan sonra da təşkil olunacaq.

 

Mədəniyyət.- 2021.- 14 iyul. S. 4.