Yaradanlar İtaliyada mükafata layiq görülüb

 

Rejissor Şamil Əliyevin Yaradanlar bədii-sənədli filmi Vesuvius İnternational Film Festival 2021in (Napoli, İtaliya) münsiflərinin xüsusi mükafatına layiq görülüb. Bu barədə Şamil Əliyev məlumat verib.

 

Yaradanlar filmi dahi memarlar Mikayıl Hüseynov və Sadıq Dadaşovun həyat və yaradıcılığı fonunda XX əsrdə kommunist ideologiyasının Azərbaycan mədəni irsinə, əxlaqına vurduğu şiddətli zərbənin araşdırılmasından bəhs edir. 1937-ci il repressiyasında onların qohumlarından olan ziyalıların əksəriyyəti məhv edildi. Mikayıl Hüseynov və Sadıq Dadaşov ömürlərinin bir hissəsini qorxu və mənəvi sıxıntılarla yaşamağa məcbur oldular.

 

Filmdə o da diqqətə çatdırılır ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə ziyalıları rejimin təqiblərindən qoruyaraq onların yaşayıb-yaratması üçün qayğısını əsirgəməyib.

 

COVİD-19 pandemiyası ilə əlaqədar müsabiqələrin nəticəsi onlayn formatda elan olunub.

 

Qeyd edək ki, Yaradanlar filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə Salnamə studiyasında 2020-ci ildə istehsal olunub. Filmin ssenari müəllifi Natiq Rəsulzadə, operatoru Rüfət Suleymanov, bəstəkarı Azər Əsgərov, rəssamı Lalə Hüseynzadə, prodüseri Nazim Hüseynovdur.

 

Mədəniyyət.- 2021.- 14 iyul. S. 5.