Sumqayıt Dövlət Dram Teatrının Dərsi

Sumqayıt Dövlət Dram Teatrının yaradıcı heyəti 44 günlük Vətən müharibəsinə həsr olunan müxtəlif layihələr həyata keçirir, videoçarxlar hazırlayır. Teatr bu günlərdə Dərs adlı videofilmi təqdim edib.

 

Filmin qayəsi tarixi öyrənmək unutmamaqdır. Kadrda məktəbin xadiməsi məktəb illərini xatırlayır. O, yazı taxtasında işğal olunmuş rayonların tarixini yaza bilmir, donub qalır. Müəllim onu danlayır... İndi o illərə qayıdır. Xəyalən özünü şagird sayır, qeyri-ixtiyari zamanı qarışdırıb əlini qaldırır... Əlini qaldırır ki, işğal olunmuş rayonların işğal tarixini deyil, artıq azad olunma tarixini söyləsin.

 

Filmin sloqanı kimi Mustafa Kamal Atatürkün kəlamı seçilib: Tarixini bilməyən coğrafiyasını itirər.

 

Layihənin rəhbəri teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov, ssenari müəllifi və quruluşçu rejissoru Fuad Kazımov, quruluşçu operatoru Əsgər Hüsüyev, ideya müəllifi Nizami Mirzəyevdir. Rollarda Vəfa Qurbanova, Habil Xanlarov və Mələk Dadaşova çəkiliblər.

 

Mədəniyyət.- 2021.- 14 iyul. S. 5.