30-cu illərin qara yelindən qalanlar

 

Siyasi Repressiya Qurbanları Muzeyindən acı təəssürat

 

 Paytaxtımızda yerləşən müxtəlif sahələri əhatə edən, sırf mədəniyyət profilli olmasa da, əslində, tarixi-mədəni elmi irs məkanı sayılan muzeylər haqqında oxuculara məlumat verməyə davam edirik. Bu yazıda Dövlət Sərhəd Xidmətinin (DSX) tabeliyində fəaliyyət göstərən Siyasi Repressiya Qurbanları Muzeyi haqqında söz açacağıq.

 

Muzeydən reportaj hazırlamaq üçün DSX-nin müvafiq şöbəsi ilə əlaqə saxladıq. İstəyimiz müsbət qarşılandıqdan sonra fotoqrafımızla birlikdə yollandıq muzeyə. Bizi muzeyin rəisi Mirabbas Məmmədov qarşıladı. İlk olaraq muzeyin yerləşdiyi DSX-nin binasının tarixi barədə məlumat aldıq. Həmsöhbətimiz bildirdi ki, bina 1878-ci ildə ticarət məqsədilə tikilib.

 

İkimərtəbəli, kvadratşəkilli bina bakılı tacir, milyonçu Hacı Hacıağa Dadaşovun şəxsi mülkü olub. 1925-ci ildən etibarən Azərbaycan Fövqəladə Komissiyası bu binada fəaliyyət göstərib. Daha sonra binanın daxilində NKVD-nin (Xalq Daxili İşlər Komissarlığı) həbsxanası yaradılıb... Hazırda Dövlət Sərhəd Xidməti bu binada yerləşir.

 

Mirabbas müəllim deyir ki, Siyasi Repressiya Qurbanları Muzeyi 2019-cu ilin 24 mayında Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinə həsr edilən tədbirlər çərçivəsində yaradılıb. Ötən əsrin 30-cu illərində siyasi repressiyalar zamanı bütün məhbuslar burada saxlanılıb. Bu həbsxanada onlara fiziki, mənəvi işgəncələr verilib, güllələnib, yaxud da sürgün olunublar. Muzeyin yaradılmasında əsas məqsəd həmin illərdə baş verən hadisələri insanlara çatdırmaq repressiyaya məruz qalan soydaşlarımızın xatirələrini yaşatmaqdır.

 

“Sibir” “32 000”

 

Muzeyə daxil olarkən qatarın pəncərəsində insan barmaqları təsvir edilmiş iki maraqlı kompozisiya ilə qarşılaşırıq. Birinci kompozisiyada barmaqların üzərində “Sibir” yazısı, digərində isə “32 000” rəqəmi əks olunub.

 

Muzeyin rəisi qeyd edir ki, “Sibir” yazısı repressiya illərində sürgün olunan insanların cəzaçəkmə yerlərinə göndərilməsi ilə bağlıdır: “1937-ci ildə SSRİ Xalq Ədliyyə Komissarlığı tərəfindən o vaxt Azərbaycana rəhbərlik etmiş Mir Cəfər Bağırova məktub göndərilir. Məktubda qeyd olunur ki, 1934-37-ci illərdə kənd yerlərində bir çox insan haqsız yerə məhkum olunub, həmin insanların işlərinə yenidən baxılsın. Məktubda 32 minə yaxın insanın adı qeyd olunur. Kompozisiyadakı rəqəm bununla bağlıdır”.

 

Dindirilmə otağına yollanırıq. Həmsöhbətimiz bildirir ki, həmin illərdə istintaqa cəlb olunan şəxslərin izahatları bu otaqda alınıb. Burada simvolik quraşdırılan maket izahatı alınan görkəmli şair-dramaturq Hüseyn Cavidi əks etdirir. Cavid iki il bu qaranlıq soyuq zindanda saxlanıldıqdan sonra Sibirə – Maqadana sürgün edilib. Soyuq Sibir mütəfəkkir şairə məzar olub...

 

“Xalq düşməni”nin həyat yoldaşına mühakiməsiz sürgün

 

Muzeyin daxilində kitabxana da mövcuddur. Kitabxanada repressiyaya məruz qalan soydaşlarımızın bəzilərinin şəxsi işləri saxlanılır. Burada eyni zamanda həmin dövrə aid 100-ə yaxın kitabı da görmək mümkündür. Bələdçimiz deyir o dövrdə belə bir qayda vardı ki, “xalq düşməni” kimi güllələnən şəxsin həyat yoldaşı məhkəməsiz, mühakiməsiz səkkiz il sürgün olunmalı idi. Şəxsin 3 yaşına qədər övladı yaxın qohumlarına, 3-15 yaş arası uşaqlar isə uşaq evinə verilirdi. Bu cür sürgün olunan qadınlar üçün Qazaxıstanda Akmola vilayətində qısa adı ALJİR adlı (Akmolinskiy laqer jen izmennikov rodinı – Vətən xainləri qadınlarının Akmola düşərgəsi) olan xüsusi düşərgə yaradılmışdı: “Hazırda o düşərgə ərazisində repressiya muzeyi fəaliyyət göstərir. Həmin muzeylə əlaqə saxlayaraq xahiş etdik ki, orada cəza çəkmiş azərbaycanlı qadınların sənədlərini bizə göndərsinlər. Bu günə kimi 44 nəfər azərbaycanlı qadının məlumatını əldə etmişik. Bu qadınların böyük əksəriyyəti respublikanın tanınmış şəxslərinin ailə üzvləri, yaxınları ya tanışları olublar. Onların bir çoxu həmin düşərgədə vəfat edib, bəziləri isə evlərinə dönə biliblər”.

 

Muzeydə film otağı da var. Burada ziyarətçilər üçün repressiya dövrünə dair 30-a yaxın sənədli film nümayiş olunub. Mirabbas müəllim qeyd edir ki, muzey fəaliyyətə başlayandan kompleksdə 10-a yaxın sənədli film çəkilib.

 

Güllələnmə təxirə salınmır...

 

 Muzeyin ən dəhşət vahimə saçan otağına yollanırıq. Söhbət Azərbaycan xalqının işıqlı gələcəyi üçün qələm çalan, ömrünü elmə, təhsilə sərf edən günahsız insanların ömrünü yarıda kəsən güllələnmə otağından gedir. Otağa daxil olarkən ilk olaraq həkim geyimində insan maketi qarşımıza çıxır. Öyrənirik ki, güllələnmə icra olunduqdan sonra həmin şəxsin ölüb-ölməməyini təsdiq etmək üçün otaqda həkim fəaliyyət göstərib. O, ölən şəxs haqqında arayış yazaraq imzalayırdı. Ölüm hökmü yerinə yetirildikdən sonra meyit naməlum bir ərazidə basdırılırdı. Bu günə kimi həmin şəxslərin harada basdırılması barədə dəqiq məlumat yoxdur. Həmsöhbətim vurğulayır ki, otaqda təmizlik işləri apararkən 60-70 sm dərinlikdə torpaq qatında qan aşkar olunub. Otaqda güllələnməyə hazır insan maketi nakam şairimiz Mikayıl Müşfiqi xatırladır. Maketə baxarkən bir anlıq düşünürük ki, şair üsyan edib deyəcək:

 

Mən gəncəm, bilirəm, istiqbalım var,

Hələ bədr olmamış bir hilalım var.

Yelkənim açılır, qara yel, əsmə,

Mənim bu dəryada bir sandalım var...

 

Muzeyi dolaşdıqca sanki kitablardan oxuduğumuz o dəhşətli dövrə qayıdırıq. Qulaqlarımızda repressiya dövründə olmazın işgəncələrə məruz qalmış soydaşlarımızın ah-naləsi eşidilir...

 

 Cüzi işıq, böyük azadlıq istəyi

 

 İndi isə muzeyin karserlər olan bölməsindəyik. Mirabbas müəllim bildirir ki, məhkumlar müstəntiqlərə istədikləri cavabları vermədikdə günlərlə karserlərə atılıb, burada ac-susuz saxlanılırdılar. 3-4 gün ərzində onlara yalnız bir tikə çörək verilirdi. Hətta məhkumlar işgəncə məqsədilə günlərlə divarlarda quraşdırılan zəncirlərdə asılı vəziyyətdə saxlanılıblar.

 

Gördüklərimdən, eşitdiklərimdən sonra artıq hiss edirəm ki, yeriməyə, danışmağa taqətim qalıb. Muzeyin zalına doğru aram addımlarla hərəkət edirik. Burada kameraların qapılarındakı kiçik pəncərələr diqqətimizi çəkir. Həmin pəncərə açılanda kameraya cüzi işıq düşür. Məhkumlar işığa, azadlığa can atsalar da, qorxunc rejimin pəncəsindən qurtulmaq şansları yox idi...

 

Çamadanlar – bir daha evə dönməmək

 

Muzeydə diqqətçəkən kompozisiyalardan biri çamadanlarla bağlıdır. Öyrənirik ki, repressiya dövründə hər hansı bir şəxsi istintaqa çağıranda, o artıq bir daha evə qayıtmayacağını bilirdi. Ya həbsxanaya gedəcək, ya da sürgün olunacaq. Ona görə həmin şəxslər hazır çamadan düzəldib saxlayırdılar. İstintaqa çağrılanda həmin çamadanları da özləri ilə götürürdülər.

 

Kompozisiyada çamadanların nizamsız şəkildə təsviri günahsız insanların acı taleyini əks etdirir.

 

Əsas zalda müxtəlif məlumat lövhələri yerləşdirilib. Həmin lövhələrdə repressiyaya məruz qalmış azərbaycanlı hərbi xadimlər, Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən xaricdə təhsil almağa göndərilmiş tələbələr, güllələnmiş mədəni-maarif   ictimai-siyasi xadimlərdən Xədicə Qayıbova, Mədinə Qiyasbəyli, Nemət Məlikova, Panfiliya Tanailidi Ayna Sultanova haqqında məlumatlar əksini tapıb.

 

Hər bir divarı, otağı özündə həmin qara, zəhər dadlı illərin ağrı-acısını əks etdirən muzeydə olarkən vaxtın necə keçdiyini bilmədik. Amma burada min bir əzaba məruz qalan “günahsız müqəssirlər”in bir dəqiqəsi bəlkə bir ilə bərabər olub...

 

Sonda muzeyin qrafikini öyrəndik. Muzey həftənin beş günü, saat 8:00-dan axşamçağı 17:00-dək fəaliyyət göstərir. Muzeyə baş çəkmək istəyənlər qabaqcadan məlumat verməklə kompleksi ziyarət edə bilərlər.

 

Nurəddin MƏMMƏDLİ

Mədəniyyət.- 2021.- 16 iyul. S. 1; 6.