UNESCO siyahılarına salınan irs nümunələri ilə bağlı sertifikatlar təqdim edilib

 

İyulun 15-də Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi, xüsusi tapşırıqlar üzrə səfir Elnur Sultanovu qəbul edib.

 

Görüşdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO və İCESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səyləri nəticəsində milli mədəniyyətimizin dünyada getdikcə daha çox tanındığı və UNESCO kimi nüfuzlu təşkilatlarda mövqeyinin güclənməsi qeyd edilib.

 

UNESCO-nun müvafiq siyahılarına daxil edilən milli mədəni elementlərimizin sayının getdikcə artdığının sevindirici olduğunu vurğulayan Elnur Sultanov son illərdə daxil edilən elementlər üzrə sertifikatların Azərbaycan tərəfinə təqdim olunduğunu bildirib.

 

Milli Komissiyanın baş katibi “Yallı (Köçəri, Tənzərə): Naxçıvanın ənənəvi qrup rəqsləri”, “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi”, “Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” və “Miniatür sənəti” nominasiya fayllarının UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ siyahısına daxil olunduğunu təsdiqləyən sertifikatları nazir Anar Kərimova təqdim edib.

 

Sonra ölkəmizin UNESCO ilə əməkdaşlığı və müxtəlif konvensiyalar çərçivəsində həyata keçirilən fəaliyyətlər ətrafında müzakirələr aparılıb.

 

Xatırladaq ki, Azərbaycan, Türkiyə və Qazaxıstan tərəfindən birgə təqdim edilən “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” çoxmillətli nominasiya faylı və ölkəmizin UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına təqdim etdiyi “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” milli nominasiya faylı 2018-ci ilin 26 noyabr – 1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port-Luis şəhərində UNESCO Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında qəbul olunub.

 

Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” milli  nominasiyası və Azərbaycan, Türkiyə, İran və Özbəkistanın birgə təqdim etdiyiMiniatür sənəti” çoxmillətli nominasiyası üzrə faylların siyahıya salınması barədə qərarlar isə 2020-ci ilin 16 dekabrında UNESCO-nun Hökumətlərarası Komitəsinin Parisdə virtual formatda keçirilən 15-ci sessiyası çərçivəsində qəbul edilib.

 

Hazırda ölkəmizin 15 qeyri-maddi mədəni irs elementi UNESCO-nun müvafiq siyahılarında yer alır.

 

Mədəniyyət.- 2021.- 16 iyul. S. 1.