Uca Yaradana məhəbbət, bəşər övladına mərhəmət

 

20-21 iyul Azərbaycanda Qurban bayramıdır

 

Qurban bayramı İslam aləminin iki ən müqəddəs bayramından biridir. Qurban mərasimi Uca Yaradana məhəbbət və itaət, yüksək mənəvi-əxlaqi dəyərlərə hörmət, hər bir bəşər övladına mərhəmət və dözümlülük təlqin edən İslam dininin insanlar üçün hidayət yolu seçilməsi ilə əlamətdardır.

 

Qafqaz Müsəlmanları İdarəsindən bayramla bağlı yayılan məlumatda bildirilir ki, Qurbn byrmı hicri təqvimi ilə zilhiccə ayının 10-na miladi təqvimlə 20 iyul tarixinə təsadüf edəcək. Qurban bayramı ayrı-ayrı müsəlman ölkələrində 2 və ya 3 gün davam edir.

 

Azərbaycanda Qurban bayramı münasibətilə iki gün bu il 20-21 iyul qeyri-iş günü sayılır.

 

Qeyd edək ki, builki Qurban bayramını dünyada hələ də davam edən pandemiya şəraitində qarşılayırıq. Müqəddəs Həcc ziyarəti bu il də təxirə salınıb.

 

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Qurban bayramına dair aşağıdakı tövsiyələrini də diqqətə çatdırıb. Bildirilir ki, qurban kəsmək, əsasən, Məkkədə zəvvarlara vacibdir. Digər yerlərdə isə imkanı olan adamların qurban kəsmələri sünnət əməl hesab olunur. Qurban ətini kasıb ailələrə paylamaq böyük savabdır.

 

Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə götürə bilər, digər hissə kasıb ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur. Tövsiyədə həmçinin bildirilir ki, Qurban kəsimi 20 iyul tarixindən başlayaraq 3 gün davam edə bilər. İyul ayının 20 və 21-də məscidlərdə birgə bayram namazları qılınacaq.

Mədəniyyət.- 2021.- 16 iyul. S. 2.