Gənclər və mədəniyyətin formalaşdırılması

Mədəniyyət naziri Special Edition Talksda çıxış edib

 

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov iyulun 14-də İslam Əməkdaşlığı Gənclər Forumu (İYCF) tərəfindən təşkil edilən Xüsusi silsilə çıxışlar (Special Edition Talks) çərçivəsində fəxri qonaq qismində Gənclər və mədəniyyətin formalaşdırılması mövzusunda çıxış edib.

 

Parlaq gələcəyin qurulmasında və mədəniyyətin dayanıqlı inkişafında gənclərin həlledici rolundan söhbət açan Anar Kərimov əvvəlcə bu sahədə dünyada və ölkəmizdə müşahidə olunan müasir meyillərdən danışıb. Yaradıcı gənclərin dəstəklənməsi naminə Mədəniyyət Nazirliyi tərəfindən təkcə COVİD-19 pandemiyası dövründə 30-dan çox layihənin reallaşdırıldığı qeyd edilib.

 

Beynəlxalq səviyyədə gənclərin mədəniyyətdə rolunun artırılması üçün Azərbaycanın dəstəyi ilə həyata keçirilən layihələrdən söz açan nazir son illər dünyada cərəyan edən müxtəlif proseslər, rəqəmsallaşma, IV Sənaye İnqilabı kimi hadisələrin fonunda mədəniyyətin üzləşdiyi çağırışlardan da bəhs edib. Texnoloji inqilablar əsrində mədəniyyətə yeni baxışın formalaşdırılması və mədəni dəyərlərin qorunmasının önəminə diqqət çəkilib. Bütün dünyada insanların artan məşğuliyyətləri və azalan vaxtı çərçivəsində gündəlik həyat tərzlərinin onları robotlaşdırmaması üçün mədəniyyətin ruhlandırıcı və yüksək estetik zövq formalaşdıran təsirlərinin güclənməsinin zərurətə çevrildiyi vurğulanıb.

 

Anar Kərimov çıxışında həmçinin Azərbaycanın təşəbbüsü ilə 2008-ci ildə əsası qoyulan Bakı Prosesi qlobal platforması və bu çərçivədə dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə birgə paytaxtımızda keçirilən ənənəvi Dünya Mədəniyyətlərarası Dialoq Forumu, habelə bu Forumda gənclər üçün təşkil olunan panellər haqqında məlumat verib.

 

Mədəni müxtəlifliyin qorunması istiqamətində ölkəmizin beynəlxalq miqyasda olduqca fəal olduğunu bildirən nazir deyib ki, Ermənistan otuz ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərində mədəni irsi planlı şəkildə məhv edib. Mədəniyyətə qarşı bu təcavüz Azərbaycanın öz torpaqlarını 44 günlük Vətən müharibəsində azad etməsinə qədər davam edib.

 

Mədəniyyətin sülhə dəstək verdiyi kimi, sülhün də mədəniyyətin inkişafı üçün əsas şərt oluğunu vurğulayan Anar Kərimov müharibələrin və vandalizmin mədəniyyəti hədəf seçdiyini, bütün dünyada bunun qarşını birdəfəlik almaq məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən Mədəniyyət üçün sülh (#Peace4Culture) qlobal çağırışının və çağırış çərçivəsində Sülh üçün yarat (#Create4Peace) kampaniyasının elan edildiyini diqqətə çatdırıb. Bildirib ki, bu çağırış BMT-nin Sivilizasiyalar Alyansı və İCESCO kimi beynəlxalq təşkilatlar tərəfindən dəstəklənib.

 

Sonda mədəniyyət naziri onlayn görüşdə iştirak edən gəncləri maraqlandıran sualları cavablandırıb.

Mədəniyyət.- 2021.- 16 iyul. S. 3.