Qələbəyə görə milli qürur hissi

Macarıstan nəşri Azərbaycanın Qarabağ Zəfərinin təəssüratından bəhs edir

 

Macarıstanın Madyar Nemzet qəzetinin internet versiyasında bu yaxınlarda reportyorlar qrupunun tərkibində Azərbaycanda səfərdə olmuş jurnalist David Laslonun məqaləsi dərc edilib.

 

Müəllif ötən ilin payızında Azərbaycanın 44 gün ərzində Qarabağda geniş ərazilərini erməni işğalından azad etməsini xatırladır. Qeyd edir ki, müharibə başa çatandan yarım il sonra hərbi əməliyyatların ab-havası bir az səngiyib, qəhrəmancasına həlak olan döyüşçülərin xatirələri və heyrət doğuran hərbi Qələbəyə görə milli qürur hissləri ilə əvəz olunub.

 

Azərbaycanda, xüsusən kənd yerlərində şəhidlərin çoxlu portretləri asılıb. Ötən ilin payızında Qarabağ uğrunda gedən 44 günlük müharibədə həlak olan qəhrəmanlara həsr edilmiş lövhə və posterləri yolun kənarı boyunca, yaşayış məntəqələrinə girişdə, mağazaların və evlərin pəncərələrində görmək mümkündür macar jurnalist yazır.

 

Müəllif Bərdə rayonuna və Azərbaycanda əhalinin sayına görə ikinci böyük şəhər olan Gəncəyə müharibənin vurduğu yaralardan da bəhs edir. Qeyd edir ki, Gəncə cəbhə xəttinin 80 kilometrliyində yerləşsə də, erməni raketlərinin hücumuna məruz qalıb. Raket atılması nəticəsində əmələ gələn çalaların yan-dövrəsinə düzülmüş oyuncaqlar və güllər həlak olanları xatırladır. Xarabalıqlar içində günəbaxanlar boy atıb və buradan keçənlər bu memoriala öyrəşməyə başlayıblar.

 

Bu Qələbə Azərbaycana baha başa gəldi deyən David Laslo Buna dəyərmi sualını verdikdə sakinlər bir ağızdan Biz xoşbəxtik! cavabını veriblər.

 

Macar jurnalist Bakıda, bir qədər qeyri-adi yerdə, hündür binaların kölgəsində, sahilboyu ilə yanaşı yerləşən Hərbi qənimətlər parkından da bəhs edir. Bildirir ki, park bu isti günlərdə də şəhərlilərin diqqətini cəlb edir, ziyarətçilər üçün əsl ailə bayramına çevrilir. Turistlər, uşaqlar və məktəblilər buradakı nə vaxtsa ölümsaçan texnikanın fonunda böyük məmnuniyyətlə şəkil çəkdirirlər.

Mədəniyyət.- 2021.- 16 iyul. S. 8.