Mədəniyyət naziri Milli Mətbuat Günü münasibətilə media mənsublarını təbrik edib

 

Mədəniyyət naziri Anar Kərimov Milli Mətbuat Günü münasibətilə Azərbaycanın kütləvi informasiya vasitələrinə, media mənsublarına təbrik müraciəti ünvanlayıb.

 

Müraciətdə deyilir:

 

22 iyul hər bir azərbaycanlının taleyində olduqca önəmli tarixdir. Azərbaycanda milli mətbuatın, ana dilində ilk qəzetin nəşrə başlamasının 146 ili tamam olur. Çünki məhz 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu Əkinçi qəzeti ilə xalqımızın milli oyanışında yeni, parlaq səhifə açılıb.

 

Tarix boyu xalqımızın böyük mütəfəkkirlərinin, ədiblərinin, dövlət xadimlərinin fəaliyyətində milli məfkurənin təbliği, dilimizin, mədəni dəyərlərimizin qorunması kimi ali dəyərlər hər zaman özünü göstərib.

 

Bu cəhətləri ömür yoluna sığdıran aydınlarımızdan biri də vətənpərvər ziyalı, təbiətşünas-alim Həsən bəy Zərdabidir.

 

146 il əvvəl 22 iyul tarixində Həsən bəy Zərdabi min bir əzab-əziyyətdən sonra ana dilində ilk qəzetin çapına müvəffəq olmuşdu. 1875-ci ilin 22 iyul tarixindən 1877-ci ilin 29 sentyabr tarixinə qədər çapını davam etdirən Əkinçi ayda iki dəfə 300-400 tirajla nəşr edilib. Bu müddət ərzində qəzetin 56 nömrəsi işıq üzü görüb.

 

Sevindirici haldır ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün ölkəmizdə yüzlərlə mətbu orqan - qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Əkinçi qəzetinin nəşrə başladığı gün - 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur.

 

Müstəqil Azərbaycanın memarı, Ümummilli lider Heydər Əliyev fəaliyyəti boyu mehriban dost münasibətilə jurnalistlərin də dərin sevgisini, güvənini qazanmışdı. Ulu öndərin bu ənənəsi bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısı mütəmadi olaraq çıxışlarında, jurnalist ictimaiyyəti ilə görüşlərində mətbuat nümayəndələrinin söz azadlığının vacibliyini, onların fəaliyyətlərini diqqət mərkəzində saxladığını bildirir. Jurnalistlərin təklif və problemləri ilə yaxından maraqlanır. Təsadüfi deyil ki, mətbuat nümayəndələri cənab Prezidentimizi jurnalistlərin dostu adlandırırlar.

 

Buna misal olaraq 44 günlük Vətən müharibəsi və şanlı Qələbəmizdən sonrakı dövrü xatırlatmaq istərdim. Ön cəbhədə Ali Baş Komandanın rəhbərlik etdiyi şücaətli Ordumuz, arxa cəbhədə, informasiya mübarizəsində isə zəhmətkeş jurnalistlərimiz mərdliklə vuruşmasaydı, dəmir yumruq kimi birləşib, həmrəylik nümayiş etdirməsəydi, dünya ictimaiyyətinə haqq səsimizi çatdırmaq da mümkün olmayacaqdı. İşğaldan azad edilmiş doğma torpaqlarımızda vəzifə borcunu yerinə yetirərkən şəhidlik zirvəsinə ucalan jurnalistlərimiz Məhərrəm İbrahimovSirac Abışov kimi qəhrəmanlarımız sadalananların bariz nümunəsidir. Bu bir daha sübut edir ki, peşəmizdən asılı olmayaraq hər birimiz müqəddəs Azərbaycanın müsəlləh əsgəriyik.

 

Əkinçi zəhməti, biləyinin gücü, qəlbinin hərarəti ilə milli mətbuatımızın inkişafı, sağlam gələcəyi, bölgədə sülh və təhlükəsizlik naminə informasiya toxumları səpən Zərdabi davamçılarını Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin bütün əməkdaşları adından ürəkdən təbrik edirik. Nazirliyimizin bütün yeniliklərini, layihə və struktur fəaliyyətlərini qərəzsiz işıqlandırdığınıza görə hər birinizə ürəkdən təşəkkür edirik. Sizinlə daha sıx, məhsuldar əməkdaşlığımızı davam etdirmək üçün öhdəmizə düşən vəzifəni bundan sonra da yerinə yetirəcəyimizə əmin ola bilərsiniz.

 

Bir daha milli mətbuat ailəsinin üzvlərini ürəkdən təbrik edir, bütöv Azərbaycanın hər bir nöqtəsindən sədanızın eşidilməyini arzulayıram.

 

Mədəniyyət.- 2021.- 23 iyul. S. 3.