Qarabağa kitabla gedək

 

Mədəniyyət Nazirliyi və Milli Kitabxananın həyata keçirdiyi aksiyaya Türkiyədən 10 min nüsxə kitab töhfəsi

 

Məlum olduğu kimi, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşəbbüsü ilə işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyəti bərpa olunacaq kitabxanalar üçün kitabtoplama kampaniyası keçirilir. Qarabağa kitabla gedək devizli bu nəcib aksiyaya Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi (İLESAM) də qoşulub.

 

İyulun 16-da Milli Kitabxanada İLESAM tərəfindən hədiyyə olunan 10 min nüsxə kitabın təqdimetmə mərasimi keçirildi. Tədbirdə mədəniyyət naziri Anar Kərimov, Türkiyə Cümhuriyyətinin ölkəmizdəki səfiri Cahid Bağçı, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin müvafiq sahə üzrə əməkdaşları, Azərbaycan Mədəniyyət Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərləri, ədəbiyyat və mədəniyyət xadimləri iştirak edirdilər.

 

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov tədbir iştirakçılarını salamladıqdan sonra tədbirin əhəmiyyətindən bəhs etdi.

 

Bildirdi ki, Mədəniyyət NazirliyiMilli Kitabxana Prezident İlham Əliyevin işğaldan azad olunan Füzuli şəhərinə səfəri zamanı erməni işğalçıları tərəfindən tamamilə dağıdılmış evləri və binaları göstərərək dediyi Biz bunların hamısını bərpa edəcəyik çağırışına qoşularaq azad olunmuş ərazilərimizdə yaradılan kitabxanalar üçün kitabtoplama kampaniyasına başlayıb. Direktor qeyd etdi ki, layihəyə ilk qoşulan Xalq yazıçısı Elçin şəxsi kitabxanasından 500-ə yaxın kitab təqdim edib. Çox sayda ziyalı və oxucularımız, müxtəlif təşkilatlar bu layihəyə dəstək verir.

 

Kərim Tahirov İLESAM təşkilatının 10 min nüsxə kitabı Qarabağda yaradılacaq kitabxanalara bağışladığını, tezliklə həmin kitabların Qarabağda qurulan kitabxanalara təqdim ediləcəyini dedi.

 

Mədəniyyət naziri Anar Kərimov qonaqları salamlayaraq bildirdi ki, Vətən müharibəsindən sonra da qardaş Türkiyə dövləti Azərbaycanın yanındadır. Türkiyə dağıdılmış şəhərlərin yenidən qurulmasında, tarixi-mədəni abidələrin bərpa edilməsində dəstəyini əsirgəmir: İşğal dövründə ən çox zərər çəkən mədəniyyət müəssisələrindən birikitabxanalar olub. 975 kitabxanamız dağıdılaraq yerlə yeksan olunub, onların 4,6 milyon nüsxədən artıq kitab fondları talan edilərək yandırılıb. Mədəniyyət Nazirliyi olaraq Milli Kitabxana ilə birlikdə həmin kitabxanalar bərpa olunduqdan sonra fondlarının bərpası məqsədilə belə bir layihələyə başladıq. Qərara aldıq ki, Qarabağ kitab fondu yaradılsın və hər bir azərbaycanlı buna dəstək olsun. Eyni zamanda qardaş Türkiyədən İLESAM təşkilatı da bizim çağırışımıza dərhal dəstək verərək 10 min kitabı fondumuza bağışladı. Yaxın zamanlarda həmin kitablar doğma Qarabağda oxunacaq.

 

Azərbaycan-Türkiyə əməkdaşlığından söz açan Anar Kərimov söylədi ki, iki ölkə arasında mədəniyyət, kitabxana və nəşriyyat sahəsində əlaqələr bundan sonra da yüksək səviyyədə davam etdiriləcək. Nazir çıxışının sonunda təqdim olunan kitablara görə İLESAM təşkilatına təşəkkürünü bildirdi.

 

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar ölkəmizdə Türkiyə dövlətinə qarşı hər zaman böyük sevgi oluğunu vurğuladı. Bildirdi ki, Şuşanın mədəniyyət paytaxtı elan edildiyi bir dövrdə türkiyəli qardaşlarımız tərəfindən bu kitabların hədiyyə olunmasının böyük əhəmiyyəti var. Gün gələcək həmin kitablar Şuşa, Qarabağ kitabxanalarını bəzəyəcək.

 

Türkiyənin ölkəmizdəki səfiri Cahid Bağçı iki ölkənin qardaşlığının bundan sonra da davam edəcəyini dedi. Səfir türk xalqının çox sevdiyi Kitab ən gözəl hədiyyədir şüarını səsləndirərək bildirdi ki, Türkiyə Azərbaycana, bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əlindən gələn köməkliyi göstərəcək.

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxışında Fondun iki üzv dövləti Azərbaycan və Türkiyənin bu gün yenə öz birliklərini nümayiş etdirdiyini söylədi. Bildirdi ki, 44 günlük Vətən müharibəsində beynəlxalq təşkilat olaraq Qarabağla bağlı türkdilli dövlətlərdən bir çox dəstək məktubu alırdıq. Müharibədə qazanılan Qələbə təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının zəfəridir.

 

Türkiyə Milli Kitabxanasının direktoru Ali Odabaş tədbir iştirakçılarına Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyun salamlarını çatdırdı, həyata keçirilən kampaniyanın əhəmiyyətini vurğuladı.

 

Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyinin (İLESAM) rəhbəri Mehmet Nuri Parmaksız Qarabağa kitabla gedək aksiyası üçün kitabların toplanması barədə məlumat verdi. Qeyd etdi ki, təmsil etdiyi təşkilatı dəstəkləyən qurumlar olmasaydı, belə bir layihəni həyata keçirmək mümkün olmazdı.

 

Daha sonra Mehmet Nuri Parmaksız Alim, şair, yazıçı və sənətçilər ensiklopediyası kitabını mədəniyyət naziri Anar Kərimova hədiyyə etdi.

 

Sonda tədbir iştirakçıları Türkiyədən Milli Kitabxanaya hədiyyə olunan kitabların sərgisi ilə tanış oldular.

 

NURƏDDİN

Mədəniyyət.- 2021.- 23 iyul. S.1; 3.