Mətbuat Şurası jurnalistlərin peşə bayramını Qarabağ bölgəsində qeyd edib

Azərbaycan Mətbuat Şurası 22 iyul Milli Mətbuat Gününü kütləvi informasiya vasitələrinin Qarabağ bölgəsi üzrə əməkdaşları ilə birgə qeyd edib. Şura bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyəti ilə birgə toplantı keçirib.

 

Tədbiri giriş sözü ilə rayonun icra başçısı Müstəqim Məmmədov açaraq bildirib ki, 44 gün davam etmiş Vətən müharibəsində, ölkəmizin digər bölgələri kimi, cəbhə xəttində yerləşən Tərtərin əhalisi, rayonun müəssisə və təşkilatları bütünlüklə bu haqq savaşında qalibiyyətə köklənmiş, hər kəs bu yolda əzmlə çalışmış, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək sarsılmaz qətiyyət nümayiş etdirmişdi. Bu əzmi, qətiyyəti özünün əməli fəaliyyəti ilə göstərənlər sırasında jurnalistlər kütləvi informasiya vasitələrinin bölgə üzrə əməkdaşları da xüsusi fəallıqları ilə seçilmişdilər. Bu missiya eyni zamanda vahid hədəf uğrunda dövlət və media əməkdaşlığı baxımından nümunə idi, deyən icra başçısı media nümayəndələrinə təbriklərini çatdırıb.

 

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da KİV əməkdaşlarını 22 iyul Milli Mətbuat Günü ilə bağlı təbrik edib, əsası dahi mütəfəkkir Həsən bəy Zərdabi tərəfindən qoyulmuş milli mətbuatımızın ictimai fikir tariximizdə oynadığı müstəsna roldan söz açıb. Ə.Amaşov bildirib ki, Mətbuat Şurası ilk dəfə bu əlamətdar tarixi ancaq regionda qeyd edir: Bununla 44 günlük Vətən müharibəsində jurnalistikanın, xüsusən də bölgələrdə fəaliyyət göstərən jurnalistlərimizin rolunu vurğulamaq istəyirik. Sizlərin bu əməyi həm peşə borcuna həssas yanaşma idi, həm də vətənpərvərlik.

 

MŞ sədri çıxışında rəhbərlik etdiyi qurumun Vətən müharibəsi müddətində həyata keçirdiyi fəaliyyət barədə də geniş məlumat verib. Qeyd edib ki, müharibədə əsgər və zabit kimi döyüşmüş jurnalistlər də olub. MŞ onları daim diqqətdə saxlayıb, ailələri ilə müntəzəm təmaslar qurub. Tərtər müharibə zamanı düşmənə ləyaqətlə sinə gərən rayonlarımızdandır. Tərtər ermənilərin atdıqları müxtəlif növ raket atəşlərindən xeyli ziyan görmüş, rayon ərazisinə və mərkəzinə dəfələrlə mərmilər düşmüşdü. Mən özüm iki dəfə burada oldum. Nə qədər gərgin şəraitin hökm sürdüyünü gördüm. Eyni zamanda insanlardakı ruh yüksəkliyini də hiss etdim, duydum. Hər kəs Ali Baş Komandanın müsəlləh əsgəriydi. Sizlər də bu şəraitdə işləmisiniz, zəhmətə, əziyyətə və məhrumiyyətə qatlaşmısınız, öz peşə borcunuzu ləyaqətlə yerinə yetirmisiniz, deyə Ə.Amaşov əlavə edib.

 

MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli çıxışında diqqətə çatdırıb ki, indiyədək Qarabağ müharibəsində 20-dək jurnalist şəhid olub. İkinci Qarabağ müharibəsi zamanı isə 34 jurnalist cəbhədə döyüşçü kimi iştirak edib. Çox şükür ki, onların hamısı evlərinə, doğmalarının yanına sağ-salamat qayıdıb. MŞ İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə milli mətbuatımızın yaranmasının 146-cı ildönümü münasibətilə həmkarlarına təbriklərini çatdırıblar.

 

Toplantının sonunda KİV-lərin Qarabağ bölgəsi üzrə 30-dan çox əməkdaşı Vətən müharibəsi zamanı peşə fəaliyyətinə həssas yanaşdığına və Azərbaycan ictimaiyyətinin operativ informasiyalarla təmin edilməsində aktiv iştirakına görə MŞ-nin və Tərtər RİH-in birgə diplomu ilə təltif ediliblər.

 

KİV-lərin Qarabağ bölgəsi üzrə əməkdaşları çıxış edərək zəhmətlərinə verilən qiymətə görə təşəkkürlərini bildiriblər.

 

Mədəniyyət.- 2021.- 23 iyul. S. 4.