Şirvanın parlayan ulduzu olmuş qədim Şabran

Şirvanşahlar dövlətinin ilk paytaxtı olmuş Şabran şəhəri Azərbaycanın mədəni, siyasi həyatında mühüm yeri olan, zəngin tarixə malik qədim şəhərlərindəndir. Tədqiqatçılar yazılı tarixi mənbələrə və şəhərin digər hissələrində aparılan arxeoloji qazıntıların nəticələrinə əsaslanaraq burada hələ eramızdan 3 min il əvvəl yaşayış olduğunu müəyyən etmişlər.

 

Tarixi mənbələrdə bu şəhərin adına Şabran, Şabiran, Şaburan, Sabiran kimi rast gəlinir. Şabran sözünün etimologiyasına gəldikdə isə, onun türk tayfaları Sabirlərlə əlaqədar olması daha inandırıcıdır. Müxtəlif fonetik dəyişikliklərlə Orta Asiyada da mövcud olan Şabran toponimi Sabran, Sabiran, Şabiran, Şabran şəklində işlədilmişdir.

 

Tarixi mənbələrin verdiyi məlumata əsasən və qazıntıların nəticələrinə görə, Şabran şəhərinin əsası V-VI əsrdə qoyulmuşdur. Şəhərin yaranması Sasani hökmdarı Xosrov I Ənuşiravanın adı ilə bağlıdır. VII əsrdə Şabran ərəblər tərəfindən işğal edilmişdir. Ərəb-Xəzər müharibəsi dövründə Şabran dəfələrlə əldən-ələ keçmişdir.

 

Böyük İpək Yolunun üzərində yerləşən şəhər ipək ticarətinin mərkəzlərindən idi. IX əsrdən başlayaraq Şabranda şüşə istehsalı, ipəkçilik, dulusçuluq, metalişləmə və başqa sənətkarlıq sahələri inkişaf etmişdir. Orta əsrlərdə böyük zərbxanalardan biriŞabranda idi.

 

Şabran ölkəmizə gələn səyyahların həmişə marağında olmuşdur. XVII əsr məşhur türk səyyahı Övliya Çələbinin yolu Şabrandan keçmişdir. Çələbi yazır ki, Şabran böyük bir şəhərdir. Bu şəhərin 70 məhəlləsi və 70 məscidi var. O öz gözəlliyi ilə insanı heyran edən mərmərlə bəzədilmiş bu məscidlər içərisində Uzun Həsən, Toxmaq xan (Məhəmməd xan Ustaclı), Unqar xan Çələbi, Əfşar xan məscidlərinin adlarını çəkir. Şabran şəhərinin Səfəvilər dövlətində havasına və suyuna görə Təbrizdən sonra ikinci yeri tutduğunu yazan Abbasqulu ağa Bakıxanov bu yeri cənnət bağı adlandırır.

 

Şirvanşah I Axsitanın qəzəbinə tuş gələn məşhur Azərbaycan şairi Xaqani Şirvani 7 ay Şabran həbsxanasında dustaq olmuşdur. O, həmin zindanda qələmə aldığı şeirlərini Həbsiyyə adlandırmışdır. Xaqaninin müasiridostu şair Fələki ŞirvaniŞabranda məhbəs həyatı yaşamışdır.

 

Şirvanşah I İbrahimin uzaqgörən siyasəti və diplomatik bacarığı sayəsində Şirvan, eləcə də böyük savaşların meydanına çevrilən Şabran şəhəri XIV əsrdə Orta Asiyada meydana gələn Teymurilər dövlətinin basqınlarının hədəfindən yayınmışdır. Terek sahillərində gedən döyüşlərdə Qızıl Orda xanı Toxtamışı məğlub edən Əmir Teymura bu döyüşdə onu müşayiət edən Şirvanşah I İbrahim Şabranda böyük ziyafət vermişdir.

 

Qeyd etmək lazımdır ki, Şabranda 1935, 1937 və 1939-cu illərdə tarixçi alim, professor Sara Aşurbəyli, 1979-cu ildə arxeoloq, professor Cabbar Xəlilovun rəhbərliyi ilə kəşfiyyat xarakterli tədqiqatlar aparılmışdır.

 

19801983-cü illərdə Qazıməmməd (Hacıqabul)Mozdok qaz kəməri xəttinin çəkilişi ilə əlaqədar Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutu Arxeologiyaetnoqrafiya sektorunun Şirvan-Şabran arxeoloji ekspedisiyasının müdiri, professor Rəşid Göyüşovun rəhbərliyi ilə qazıntı işləri davam etdirilmişdir.

 

2002-ci ildə Şabran şəhərində tarix elmləri doktoru Fatma Abbasovanın rəhbərliyi ilə arxeoloji qazıntı işləri yenidən başlanılmışdır. Şabranda aparılan arxeoloji qazıntılar nəticəsində Şirvanşah Məhəmməd ibn Əhməd tərəfindən 973983-cü illərdə tikdirilmiş qala divarları aşkar edilmişdir. Araşdırmalar zamanı həmçinin həbsxana kompleksi, zərbxana, metal emalı mərkəzləri, zərgərlik, misgərlik və metalişləmənin digər sahələrinə aid alətlər maddi mədəniyyət nümunələri aşkar edilmişdir. Ərazidəki qazıntılarda dulusçu emalatxanaları, toxuculuğun, daşişləmə sənətinin, eləcə də kənd təsərrüfatı üzrə ticarət əlaqələrinin inkişafını əks etdirən tarix yadigarları üzə çıxarılmışdır.

 

Mənbələrə görə, V-VII əsrlərdə qala-şəhər olan Şabran IX-X əsrlərdə siyasi-inzibati, ticarət, sənətkarlıq mərkəzinə çevrilir. Şəhər X-XI əsrlərdə Şirvanşahların əsas siyasi mərkəzi hesab edilirdi. XI əsrin ortalarında Şirvanşahların ailə sərdabəsi Şabranda olmuşdur. 1027-ci ildə vəfat edən Şirvanşah Yezid ibn Əhmədin, 1067-ci ildə onun qızı Şəmkuyənin Şabranda ailə sərdabəsində dəfn olunması haqqında məlumat var. Bu faktlar onu deməyə əsas verir ki, Şirvanşahlar nəslinin əsas hissəsi Şamaxıda deyil, Şabranda yaşamışdır. Tez-tez yadellilərin basqınlarına məruz qalan Şabran XVIII əsrin ortalarında tarix səhnəsindən silinmişdir.

 

Qeyd edək ki, Prezident Heydər Əliyevin 27 sentyabr 2003-cü il tarixli sərəncamı ilə qədim Şabran şəhər yerinin tarixi irsinin qorunması və öyrənilməsi məqsədilə Şabran şəhəri Tarix-Memarlıq Qoruğu yaradılmışdır. Prezident İlham Əliyevin 22 oktyabr 2019-cu il tarixli sərəncamına əsasən, Çıraqqala və Şabran şəhəri tarixi qoruqlarının ərazisi Çıraqqala-Şabran Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilmişdir.

 

Fərrux MUXTAROV

Çıraqqala-Şabran Dövlət Tarix-Mədəniyyət Qoruğunun elmi işçisi

Mədəniyyət.- 2021.- 23 iyul. S. 6.