Respublika Uşaq Kitabxanasının yeni metodik vəsaitləri

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Xalq şairi Qabilin (1926–2007) və tanınmış yazıçı Süleyman Vəliyevin (1916–1996) yubileyləri münasibətilə metodik vəsaitlər təqdim edib.

 

Qabil İmamverdiyevin 95 illiyi münasibətilə tərtib edilən “Qibləgahı həqiqət olan şair” adlı vəsait şəhər-rayon mərkəzi kitabxanalarının uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün nəzərdə tutulub.

 

Vəsaitin I hissəsi şairin həyat və yaradıcılığından bəhs edir. “Qətiyyətli qələmilə əbədiyyət qazanan şair” adlı II hissə isə Qabilin yaradıcılığı mövzusunda kitabxanalarda pandemiya ilə əlaqədar onlayn şəkildə təşkil olunan tədbirlərin ssenarisindən bəhs edir. Vəsaitdə şairin uşaqlar üçün qələmə aldığı “Sözün qısası” başlığı altında silsilə şeirləri (“Deyil”, “Söz”, “İynə-sancaq”, “Qar yağır”, “Deməli”, “İnsan”, “Ehtiyac”, “Nağaraçı”) haqqında da oxuculara məlumat verilib.

 

“Faciəli ömrün qəmli dastanını yazan ədib” adlı metodik vəsait Süleyman Vəliyevin 105 illiyi münasibətilə hazırlanıb.  Süleyman Vəliyevin yaradıcılığında II Dünya müharibəsi, o cümlədən azərbaycanlı döyüşçülərin Avropada antifaşist Müqavimət hərəkatında iştirakı mövzuları əsas yer tutur. O, həmçinin Azərbaycan ədəbiyyatında Stalin repressiyası həqiqətlərindən söz açan ilk memuar əsərin müəllifidir.

 

Vəsait iki hissədən ibarətdir. I hissədə yazıçının həyat və yaradıcılığından bəhs edilir. “Süleyman Vəliyev dünyası” adlanan II hissədə isə ədibin yaradıcılığı ilə bağlı keçirilə biləcək tədbirlərdən söhbət açılır.

 

Aşağıdakı linklərdə metodik vəsaitlərlə tanış ola bilərsiniz:

 

https://www.clb.az/qiblgah-hqiqt-olan-air-qabil_d3211.html

 

https://www.clb.az/facili-mrn-qmli-dastann-yazan-dib_d3210.html

 

Mədəniyyət.- 2021.- 23 iyul. S. 6.