Bursada Nizami irsinin işığında: beynəlxalq konfrans, sərgi, konsert

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi və 2021-ci ilin Azərbaycanda Nizami Gəncəvi İli elan edilməsi münasibətilə silsilə tədbirlər ölkəmizdən kənarda da davam edir. İyulun 26-da Türkiyənin Bursa şəhərində Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konfrans işə başlayıb.

 

Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransa Bursa Böyükşəhər Bələdiyyəsi, Bursa Uludağ Universiteti, eləcə də Azərbaycandan Diasporla İş üzrə Dövlət Komitəsi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və digər qurumlar tərəfindən dəstək verilib. Konfransa altı ölkədən yetmişdən çox nümayəndə, o cümlədən görkəmli ədəbiyyatşünaslar, nizamişünas alimlər qatılıb.

 

Konfransın açılışında Bursa Uludağ Universitetinin rektoru Saim Kılavuz, Bursa Böyükşəhər Bələdiyyəsinin başqanı Alinur Aktaş, Azərbaycan Milli Məclisinin deputatı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri, professor Aygün Attar, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin icraçı direktoru Elnur Əliyev, Azərbaycan Mədəniyyət Nazirliyinin TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı, Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu çıxış ediblər.

 

Çıxışlarda mütəfəkkir şairin yaradıcılığı, dünya ədəbi və fəlsəfi irsinə bəxş etdiyi dəyərlərdən bəhs olunub. Azərbaycanda 2021-ci ilin Nizami Gəncəvi İli elan edilməsinin təkcə dahi şairin yaradıcılığına və şəxsiyyətinə deyil, ümumilikdə ədəbiyyata, fikir adamlarına, görkəmli şəxsiyyətlərə verilən qiymət olduğu vurğulanıb. Nizami Gəncəvi İli çərçivəsində görülən işlər, o cümlədən şairin əsərlərinin müxtəlif dillərdə nəşri barədə məlumat verilib. Ədəbi irsi dünya xalqlarının sevimlisinə çevrilən Nizami Gəncəvinin əsərlərinin müxtəlif dillərə tərcüməsi və yayılması, səhnələşdirilməsi və filmlərin çəkilməsi barədə söhbət açılıb.

 

Qeyd edək ki, iyulun 30-dək davam edəcək beynəlxalq konfrans bir neçə paneldən ibarətdir.

 

Birinci panelə Uludağ Universitetinin professoru Mehmet Yücə sədrlik edib. Paneldə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov, Qafqaz Universitetlər Birliyinin sədri Ramazan Korkmaz, azərbaycanlı professorlar Şahin Fazil və Cəfər Qiyasi, dosent Yusif Əliyevin çıxışları dinlənilib.

 

Çıxışçılar Nizami Gəncəvi ədəbi məktəbi və poetik ənənələri XIII-XX əsrlərdə Şərq və Qərb mədəniyyətlərində, şairin qəzəllərinə yanaşmalar, Nizaminin memarlıq düşüncələri kontekstində Azərbaycanın Səlcuqlar dövründəki memarlıq irsi mövzularında fikirlərini bölüşüblər. Diqqətə çatdırılıb ki, Nizami Gəncəvinin ədəbi yaradıcılığı daim tədqiqatçılar üçün cəlbedici olub, geniş oxucu kütləsi tərəfindən sevilə-sevilə oxunub.

 

Azərbaycanda doğulan və doğma vətənində yazıb-yaradan dahi Azərbaycan şairi Nizami Gəncəvi gələcək nəsillərə Xəmsə adlanan poetik əsərlər toplusunu miras qoyub. Vurğulanıb ki, Nizami Gəncəvi əsərlərinin beynəlxalq aləmdə sürətlə yayılmasının və sevilməsinin başlıca səbəbi onun mövzu və süjetlərinin dünyəvi olmasıdır.

 

Uludağ Universitetinin professoru Hatice Şahinin moderatorluğu ilə keçirilən növbəti paneldə özbəkistanlı alim Erkin Nuriddinov, azərbaycanlı alimlər Bayram Apoyev, Şəfa Qurbanova və başqaları, Uludağ Universitetinin dosenti Erdem Özdemirin moderatoru olduğu paneldə isə azərbaycanlı alimlər Xədicə Hüseynova, Bibixanım İbadova, Əlimuxtar Muxtarov, Sərxan Cəfərov, Özbəkistandan dosent Dildor Nuriddinova və digərlərinin çıxışları dinlənilib.

 

Çıxışlarda Nizami Gəncəvinin Xəmsəsi bəşəriyyətin elmi, ədəbi, mənəvi abidəsi kimi dəyərləndirilib. Vurğulanıb ki, böyük Azərbaycan şairinin əsərləri dünya ədəbiyyatında misilsiz bir xəzinədir. Azərbaycanda Nizami Gəncəvi İli çərçivəsində görülən işlərdən, o cümlədən şairin əsərlərinin başqa dillərə tərcüməsi və çeşidli nəşrlərinin xüsusi əhəmiyyətindən bəhs olunub.

 

Nizami Gəncəvinin həyat və yaradıcılığı üzərində səmərəli müzakirələr aparan alimlər vurğulayıblar ki, böyük söz ustadı beynəlxalq aləmdə təkcə nadir yaradıcılıq üslubu ilə seçilən şair kimi deyil, filosof və mütəfəkkir kimi tanıdılmalıdır. Qeyd olunub ki, son illər dünyanın ayrı-ayrı ölkələrində Nizami Gəncəvinin həyat və yaradıcılığı mövzusunda elmi tədqiqatlar artmaqdadır.

 

Konfrans çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY tərəfindən Nizami Gəncəvinin əsərlərinə həsr edilən rəsmlərdən ibarət sərgi təşkil edilib. Həmçinin Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən özbək dilində nəşr olunmuş Nizami Gəncəvinin külliyyatı, eləcə də Türkiyədə fəaliyyət göstərən Zengin Yayıncılık nəşriyyatının Nizami Gəncəvinin kitabları daxil olmaqla nəşrləri, həmçinin TÜRKSOY-un nəşrləri sərgilənir.

 

TÜRKSOY tərəfindən təşkil edilən ekspozisiyada Azərbaycanın görkəmli rəssamı Mikayıl Abdullayevin Nizami əsərlərinə çəkdiyi illüstrasiyalar da yer alıb. Qeyd edək ki, bu sərgi ilk dəfə mart ayında TÜRKSOY-un Ankaradakı qərargahında nümayiş olunmuşdu.

 

Beynəlxalq konfrans çərçivəsində bədii proqram da təqdim edilib. Uludağ Universitetində keçirilən konsertdə Qarabağ Zəfərinə, Azərbaycana, Vətənimizin gözəlliyinə, eləcə də Azərbaycan-Türkiyə qardaşlığına, Türk dünyasının birliyinə həsr olunan ifalar alqışlarla qarşılanıb.

 

Bursa şəhərində Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konfrans iyulun 30-dək davam edəcək.

 

Mehparə SULTANOVA

Mədəniyyət.- 2021.- 28 iyul. S. 1; 2.