Azərbaycanlı rəssamın əsərləri UNESCO-da nümayiş olunub

Andorra Knyazlığının sülh uğrunda mədəniyyət tədbiri layihəsi çərçivəsində UNESCO-da Planet üçün rənglər adlı 7-ci ArtCamp Andorra sərgisi keçirilib. ArtCamp incəsənət günlərində dünyanın müxtəlif ölkələrindən rəssamların əsərləri sərgilənib.

 

İncəsənət sərgisində tanınmış azərbaycanlı rəssam Əsmər Nərimanbəyovanın əsərləri də yer alıb. Əsmər Nərimanbəyova Azərbaycanın Xalq rəssamı Toğrul Nərimanbəyov və istedadlı heykəltəraş, Əməkdar rəssam Elmira Hüseynovanın qızıdır. Onun əl işləri Fransa, Rusiya, Türkiyə, ABŞ və başqa ölkələrdə, eləcə də UNESCO-da dəfələrlə sərgilənib.

 

UNESCO-nun ən böyük çağırışlarından biri BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinin vektoru və əsas elementi kimi mədəniyyətin rolunu gücləndirməkdir. UNESCO 2020-ci ildə pandemiya böhranın yaratdığı böyük problemlər qarşısında sənətkarların dayanıqlığını gücləndirməyi hədəfləyən qlobal ResiliArt hərəkatını başladıb. Andorra dünyanın bütün bölgələrində fəaliyyətləri səfərbər etmək, dialoq və qarşılıqlı anlaşmanı təşviq etmək məqsədilə bu hərəkatda iştirak edir. ArtCamp Andorra layihəsi vasitəsilə Andorra Knyazlığı incəsənət nümayəndələri arasında sülh üçün dialoqun təşviqinə dəstəyini göstərir.

 

2021-ci il ArtCamp Andorra layihəsi UNESCO-nun strateji mövzusu olan sülh və davamlı inkişaf mədəniyyətinin təbliğini diqqət mərkəzində saxlayır. Layihə UNSECO-nun Beynəlxalq Mədəniyyətlərin Yaxınlaşdırılması Onilliyi (2013-2022) çərçivəsində keçirilir. Sərgidə iştirak edən rəssamların əsərləri 2015-2030-cu illər BMT-nin təşviq etdiyi Dayanıqlı İnkişaf Məqsədləri ilə əlaqələndirilib.

Mədəniyyət.- 2021.- 28 iyul. S. 1.