Bursada Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konfrans başa çatıb

 

Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Türkiyənin Bursa şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konfrans iyulun 29-da sona çatıb. İyulun 26-da Bursa Uludağ Universitetində başlayan konfransa Bursa Böyükşəhər Bələdiyyəsi, eləcə də Azərbaycandan Diasporla İş üzrə Dövlət Komitəsi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və digər qurumlar tərəfindən dəstək verilib.

 

Beynəlxalq konfransın bağlanış mərasimində Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov, Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu, Bursanın Yıldırım rayon bələdiyyəsinin sədr müavini Yaşar Elmas və başqaları çıxış ediblər.

 

Məlumat verilib ki, altı ölkədən yetmişdən çox nümayəndənin qatıldığı konfransda iyirmidən çox məruzə və çıxış dinlənilib. Konfrans çərçivəsində panellərlə bərabər Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən Nizami Gəncəvinin əsərlərinə həsr edilən rəsm sərgisi keçirilib. Həmçinin Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən özbək dilində nəşr olunmuş Nizami Gəncəvinin külliyyatı, Türkiyədə fəaliyyət göstərən Zengin Yayıncılık nəşriyyatının nəşrləri, həmçinin TÜRKSOY-un nəşrləri sərgilənib.

 

Sonda beynəlxalq konfransın bəyannaməsi oxunub. Konfransa bədii proqramla yekun vurulub.

 

 

Mədəniyyət.- 2021.- 30 iyul.- S.2.