Sənətin ardınca gəl

 

Tahir Salahovun məşhur əsəri Rusiyada art-logistika şirkətinin layihəsində

 

 

Rusiyada fəaliyyət göstərən Fine Art Way art-logistika şirkəti başladığı yeni layihə ilə dünya şöhrətli azərbaycanlı rəssam Tahir Salahovun xatirəsini yad edib. Rəssamın 1961-ci ildə çəkdiyi monumental Sənə, bəşəriyyət! rəsm əsəri şirkətin incəsənət əsərlərini daşıyan xüsusi avtomaşını üzərində nümayiş etdirilir.

 

Bununla bağlı məlumatda diqqətə çatdırılır ki, incəsənət əşyalarının daşınması ilə məşğul olan şirkət incəsənətin özünü də təbliğ etmək, irəli aparmaq qərarına gəlib. Follow Art (Sənətin ardınca gəl) layihəsi bu məqsədə xidmət edir. Layihənin məramı isə onun adında ifadə olunub. Sənət əsərlərinin muzeyqalereyalara daşınması üçün nəzərdə tutulan xüsusi nəqliyyat vasitələri eyni zamanda onların hər kəsin görə biləcəyi nümayiş yerinə çevrilir.

 

Fine Art Way şirkətindən bildiriblər ki, hazırda layihə üçün məşhur rəssamların adı verilmiş üç xüsusi avtomobil ayrılıb. Layihədə istifadə olunan ən böyük avtomobil doqquz metr uzunluğunda art-trak Salahov adını daşıyır. Avtomobilin üzərində Tahir Salahovun ən məşhur əsərlərindən birinin Sənə, bəşəriyyət! tablosunun (180 × 594 sm) reproduksiyasının əks olunması bu yaxınlarda dünyadan köçmüş sənətkara ehtiram və minnətdarlıq əlamətidir.

 

Tahir Salahovun bu əsəri ilk dəfə 1961-ci il aprelin 12-də, Yuri Qaqarin kosmosa uçan gün Bakıda təşkil edilmiş respublika bədii sərgisində nümayiş etdirilib. Rəssam əsər üzərində 1959-cu ildə, insanın kosmosa uçuşundan iki il əvvəl işləməyə başlamışdı. Tablo hazırda Bakıda, Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır.

 

Mədəniyyət.- 2021.- 30 iyul.- S.8.