Xalq rəssamı Güllü Mustafayevanın yaradıcılığı

 

XX əsr Azərbaycan təsviri sənət tarixində uğurlu yaradıcılıq fəaliyyəti ilə seçilən qadın rəssamlarımız çox olub. Maral Rəhmanzadə, Elmira Şahtaxtinskaya, Bədurə Əfqanlı, Güllü Mustafayeva, Xalidə Səfərova, Vəcihə Səmədova, İzzət Seyidova, Bəyim Hacıyeva, Elmira Hüseynova, Həyat Abdullayeva, Zivər Məmmədova, Münəvvər Rzayeva və başqaları təsviri sənətin müxtəlif sahələrində fəaliyyət göstəriblər. Bu yazıda Xalq rəssamı Güllü Hacı Naim Mustafa qızı Mustafayevadan (1919-1994) söhbət açacağıq.

 

O, əslən Şamaxıdan olsa da, Türkmənistanın Cərco şəhərində anadan olmuşdu. 1927-ci ildə ailələri Bakıya köçüb. Atası M.Ə.Sabirin qohumu, anası isə S.Ə.Şirvanin nəslindən olublar. Mürəkkəb və çətin həyat yolu keçmiş G.Mustafayeva ixtisas təhsilini Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində almışdı. 1938-ci ildə məktəbi bitirdikdən sonra müstəqil bədii yaradıcılıq fəaliyyətinə başlayıb. Rəssam yaradıcılığı boyu süjetli tablo, portret, mənzərə və natürmort janrlarında diqqəti cəlb edən əsərlər qalereyası yaradıb. G.Mustafayeva Macarıstan, Fransa və Tunisdə yaradıcılıq ezamiyyətində oluböz yaradıcı manerasını zənginləşdirib. Rəssamın Bakı şəhərində dəfələrlə fərdi sərgiləri (1960, 1962, 1965, 1971, 1975, 1979) təşkil olunub. Əsərləri ölkəmizdə Milli İncəsənət Muzeyi, N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Azərbaycan Dövlət Rəsm Qalereyasında saxlanılır. G.Mustafayevanın bədii yaradıcılıq fəaliyyəti yüksək qiymətləndirilib, o, “Əməkdar rəssam” (1973) və “Xalq rəssamı” (1992) fəxri adlarına layiq görülüb.

 

G.Mustafayevanın süjetli tabloportret əsərlərindən “M.F.Axundovun evində axtarış” (1938), “Balaca musiqiçi” (1938), “Nizami qoca aşığı dinləyir” (1941), “Leyli və Məcnun mədrəsədə” (1941), “Məhsəti Gəncəvinin portreti” (1947), “Pambıqçı Bəsti Bağırovanın portreti” (1950), “Məcnunun Leylinin məzarı üzərində ölməsi” (1952), “Professor, oftalmoloq Umnisə Musabəyovanın portreti” (1957), “Rəssam Səttar Bəhlulzadənin portreti” (1963), “Ceyran Bayramovanın portreti” (1970), “Rəssam Maral Rəhmanzadənin portreti” (1970), “Süleyman Rəhimovun portreti” (1970), “Abdulla Şaiqin portreti” (1971) və başqalarını qeyd etmək olar. Onun yaratdığı portretlər qalereyasına nəzər yetirdikdə incəsənət xadimlərinin, müxtəlif peşə sahiblərinin yaddaqalan bədii surətlərini görmək olar. Rəssam XII əsrdə yaşamış şairə, məşhur rübailər müəllifi Məhsəti Gəncəvinin portretini son dərəcə ustalıqla işləyib. Obrazı işləyərkən ən incə detallara vararaq uğurlu bədii təsir qüvvəsinə malik əsər yaradıb. Şairənin mənalı obrazı, dövrümühiti,  geyim üslubu tabloda müvəffəqiyyətlə əks olunub. Bu, rəssamın şah əsərlərindən hesab olunur.

 

Rəssam mənzərə janrında da maraqlı əsərlər yaradıb. “Xaçmaz mənzərəsi” (1944), “Quba mənzərəsi” (1945), “Dilican. Etüd” (1945), “Şuşa mənzərəsi” (1948), “Qusar mənzərəsi” (1952), “Quba mənzərəsi” (1957), “Buzovna. Etüd” (1968) kimi nümunələr bu qəbildəndir. G.Mustafayevanın mənzərə əsərlərinin adlarına belə diqqət yetirdikdə onun ölkəmizin dilbər guşələrinə necə yaradıcı məhəbbətlə bağlandığını və təbiət gözəlliklərini rənglərin sirli dili ilə rəssam təxəyyülündən süzərək tamaşaçısına çatdırmaq istədiyini duymaq olar.

 

G.Mustafayevanın yaradıcılığında xüsusi əhəmiyyət kəsb edən və onun yaradıcılığının əsas leytmotivinə çevrilmiş bir istiqamət də var. Bu, rəssamın bütün yaradıcılığı boyu sevərək yaratdığı “Bizim uşaqlar” silsiləsi, müxtəlif yaş qruplarında olan uşaqların portretləridir. Uşaq portretini işləmək, təbii ki, fərəhli olduğu qədər də mürəkkəbdir. Məsum uşaqlara məxsus daxili hissləri təsvir etmək və onların daxili dünyasını kətanda canlandırmaq olduqca böyük zəhmət tələb edən işdir. Rəssam yaratdığı silsilə uşaq portretlərində onların fərdi xüsusiyyətlərini, şəxsi bacarıq və keyfiyyətlərini əks etdirməyə çalışıb, palitrasında əlvan rəng qammasına, sərbəst yaxı manerasına, sadə kompozisiya quruluşuna üstünlük verib.  “Bizim uşaqlar” silsiləsinə daxil olan “Rahilə” (1960), “Aytən” (1964), “Ülkər” (1964), “Skripkaçalan Sevinc” (1965), “Leyla” (1970), “Sevinc” (1970), “Rəna” (1971), “Sevda” (1972), “Lalə” (1973), “Gülşən” (1975),  “Rəna” (1982) və başqa əsərlər buna nümunədir. 1979-cu ilin BMT tərəfindən “Beynəlxalq Uşaq İli” elan edilməsi münasibətilə rəssamın Bakıda “Vətənin xoşbəxt balaları” adlı fərdi sərgisi təşkil olunub. Həmin sərgi və rəssamın yaradıcılığı  haqqında həmkarı, Əməkdar incəsənət xadimi Sadıq Şərifzadə “Bakı” qəzetində (12.07.1979) yazırdı: “G.Mustafayevanın yaradıcılıq yolu, istiqaməti rəssamlıq sənətimizdə yenidir. Həm də çox çətin yoldur, çünki uşaqlarla işləməyin özü çətindir. Uşağı uzun müddət eyni vəziyyətdə dayanmağa vadar etmək olmur. Gərək böyük müşahidəçi, çox həssas olasan ki, onlardakı xarakterik cizgiləri tutasan. Balacalıqda uşaqların çoxu bir-birinə oxşayır. Onları fərqləndirmək, fərdi xüsusiyyətləri ilə tamaşaçılara təqdim etmək üçün gərək yüksək istedad yüksək peşəkarlıqla birləşsin. G.Mustafayevanın əsərlərində biz bu məziyyəti görürük”.

 

Qeyd etdiyimiz kimi, o, xarici ölkələrdə yaradıcılıq ezamiyyətlərində olmuş, görüb müşahidə etdiyi hal, hadisə və məkanları bədii biçimdə öz təxəyyülündən keçirərək kətanda canlandırmış, diqqəti cəlb edən tablolar yaratmışdır. Rəssam 1960-cı il Fransa səfərindən “Rəssamlar meydanı”, “Paris, Opera teatrı”, “Eyfel qülləsi”, “Meton şəhəri”, 1961-ci il Tunis səfərindən “Ərəb qızı Lətifə”, “Tunisli məktəbli”, “Qabesalı qadın”, “Qoca”, “Kasıb ərəb”, 1962-ci il Macarıstan səfərindən “Budapeştdə küçə”, “Macar aktrisası”, “Budapeştli qız”, “Dunay sahillərində” kimi əsərlər ərsəyə gətirmişdir.

 

G.Mustafayeva mürəkkəb ömür yolu keçib. Şamaxıda zəlzələdən sonra ailəsi Türkmənistana köçən rəssamın atası ailədəki qız övladlarının vətəndə böyümələri üçün Bakıya köçür. Güllü xanım hələ Rəssamlıq Məktəbində tanış olduğu, gələcəyin tanınmış rəssamı Həsən Haqverdiyevlə ailə həyatı qurur. Həyat yoldaşı sürgün olunan rəssam məcburiyyət qarşısında qalaraq ondan boşanır. Bir daha həyat yoldaşının qayıtmayacağını düşünən G.Mustafayeva ikinci dəfə rəssam Nəcəfqulu Rəfiyevlə ailə həyatı qurur. Sonradan bəraət alıb qayıdan H.Haqverdiyevlə bir daha həyat yolları bağlanmır. Və beləcə, bir şəhərdə və binada (Rəssamlar evi) bu iki rəssam öz həyatlarını yaşayırlar. Kino kimi həyat, ziddiyyətlərlə dolu ömür yolu.

 

Fikirlərimizi rəssamın “Ədəbiyyat və incəsənət” qəzetində (03.02.1979) dərc olunmuş öz sözləri  ilə yekunlaşdırmaq istərdik: “Mən yaradıcılığımı uşaqlara həsr etmişəm. Günəşli diyarımızın xoşbəxt uşaqları – gül nəfəsli körpələr neçə-neçə əsərimin qəhrəmanı olub. Hər dəfə də mənə elə gəlib ki, bu mövzuya yenicə müraciət edirəm. Dəfələrlə xarici ölkələrdə olmuşam. Balaca dostlarımla görüşüb söhbət etmişəm, portretlərini işləmişəm. Onları şən, xoşbəxt görəndə əlim də yaxşı işləyib, cizgilər, boyalar sanki öz-özünə tapılıb. Belə anlarda onlarla birgə mən də sevinmişəm, əsərimin yaxşı çıxacağına  ürəkdən inanmışam”.

 

Əsəd QULİYEV

sənətşünas, AMEA-nın dissertantı, Rəssamlar İttifaqının üzvü

 

Mədəniyyət.- 2021.- 30 iyul.- S.7.