Əzizə Cəfərzadənin 100 illiyi ərəfəsində Seçilmiş əsərləri çapdan çıxıb

 

Bu il Azərbaycanın Xalq yazıçısı, filologiya elmləri doktoru, professor Əzizə Cəfərzadənin (1921-2003) anadan olmasının 100 ili tamam olur. Yubiley ərəfəsində yazıçının çoxcildlik Seçilmiş əsərlərinin çapına başlanılıb və artıq 12 cild nəşr olunub. Elm və təhsil nəşriyyatında işıq üzü görən cildlərə yazıçının indiyədək latın qrafikası ilə nəşr olunmamış əsərləri, eləcə də az tirajla yayımlanmış kitabları da daxil edilib.

 

Əzizə Cəfərzadənin oğlu Turan İbrahimov bildirib ki, birinci cild yazıçının Natəvan haqqında hekayələri ilə başlayır. Müəllifin Seçilmiş əsərlərində, həmçinin Qobustan çökəklərində romanı, Qaratel, Manar sahillərində, Qoşqar, Bir zərrə iz... və başqa povestləri, qırx hekayəsi ilk dəfə nəşr edilib. Hekayə və povestlərin bir qismi Əzizə Cəfərzadənin 1948-ci ildə çap edilmiş və Moskvanın qərarı ilə mətbəədən yığışdırılaraq yandırılmış Hekayələr kitabına daxil olan, həmçinin 1948-1963-cü illər ərzində nəşr olunmağa icazə verilmədiyi dövrdə yazdığı əsərlərdir.

 

Əzizə Cəfərzadənin Seçilmiş əsərlərinə filologiya elmləri doktoru, professor Vaqif Sultanlı Ədəbiyyatın vətənsevərlik missiyasi adlı geniş ön söz yazıb. O, həmçinin bir neçə cildin redaktorudur. Hekayə və povestlərin daxil edildiyi cildlərin tərtibatçısı, redaktoruön sözlərinin müəllifi Türkiyənin Mehmet Akif Ersoy Universitetinin müəllimi, dosent Pərvanə Bayramdır.

 

Kitablar respublikanın müxtəlif şəhərlərində yerləşən mərkəzi kitabxanalara hədiyyə ediləcək. Artıq xeyli kitabxana Seçilmiş əsərləri və son dövrdə nəşr olunmuş kitabları elektron versiyaları ilə birlikdə öz fonduna daxil edib. Yaxın günlərdə digər kitabxanalara da əsərlər veriləcək və yazıçının www.azizajafarzade.com saytında kitabların elektron versiyası yerləşdiriləcək. Bu, Əzizə Cəfərzadənin ədəbi irsinin Azərbaycanda və respublikadan kənarda yaşayan geniş oxucu kütləsinə çatdırılmasına kömək edəcək.

 

Yazıçının digər əsərlərinin nəşri üzərində davam etdiriliryeni hazırlanacaq iki cilddə oxuculara onun səyahətnamə janrında qələmə aldığı əsərləri təqdim ediləcək. Sonrakı cildlərdə yazıçının Azərbaycan klassik ədəbiyyatı, aşıq yaradıcılığı, həmçinin qadın aşıq və şairlərə həsr edilmiş elmi tədqiqat işləri, publisistik məqalələri nəşr olunacaq.

 

Ötən il Əzizə Cəfərzadənin Folklor araşdırmaları və Anamın nağılları kitabları işıq üzü görüb. Bu il Qanun nəşriyyatı yazıçının Bakı-1501 romanını yenidən çap edib. Hədəf nəşrləri Əzizə Cəfərzadənin Tanıdıqlarım, sevdiklərim xatirələrimdə, Bir səsin faciəsi və bir neçə digər kitabını rusca nəşr etməyi planlaşdırır. Altun kitab nəşriyyatı Bakı-1501 və Gülüstandan öncə romanlarının uşaqlar üçün işlənmiş variantını bu il nəşr etməyi nəzərdə tutur. Azərbaycan Milli Kitabxanası isə Əzizə Cəfərzadənin geniş biblioqrafiyasını nəşrə hazırlayır.

 

Mədəniyyət.- 2021.- 30 iyul.- S.4.