Fərman Salmanovun 90 illiyi münasibətilə

 

Milli Kitabxana virtual sərgi təqdim edib

 

 

İyulun 28-də məşhur azərbaycanlı neftçi, mühəndis-geoloq, Sosialist Əməyi Qəhrəmanı Fərman Salmanovun (19312007) 90 illik yubileyi tamam oldu. Fərman Salmanovun adı dünya neft tarixinə Rusiya Federasiyası Tümen vilayətinin zəngin təbii sərvətlərinin ilk kəşfiyyatçılarından biri kimi daxil olub. Fərman Salmanov heç bir neft ehtiyatının olmadığı iddia edilən Qərbi Sibirdə 1961-ci ildə ilk neft yataqlarını üzə çıxarıb. Onun rəhbərliyi altında karbohidrogen ehtiyatları ilə zəngin yüzdən artıq irihəcmli yataq kəşf edilərək istismara verilib.

 

F.Salmanovun şəxsiyyətində tədqiqatçı-alim səriştəsi, peşəkar neftçi istedadı, dövlət və ictimai xadim təcrübəsi vəhdət təşkil edib. Onun neftqaz geologiyası sahəsində fundamental axtarışlarının nəticələri mütəxəssislər tərəfindən daim yüksək qiymətləndirilib və ixtisaslı neftçi kadrların yetişdirilməsində mühüm rol oynayıb.

 

F.Salmanov keçmiş SSRİ-nin orden və medallarına, Rusiya Federasiyasının Əməkdar geoloqu fəxri adına, Azərbaycanın Şöhrət ordeninə (2001) layiq görülmüşdü. 2019-cu ildə Rusiyanın Surqut şəhərinin hava limanına F.Salmanovun adı verilib.

 

Məşhur həmvətənimizin 90 illik yubileyi münasibətilə, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən Fərman Salmanov 90 adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Fərman Salmanov haqqında rəsmi sənəd, fotolar, mükafatları, müəllifi olduğu kitablar, eləcə də haqqında yazılan kitab və məqalələr nümayiş olunur.

 

Virtual sərgi ilə tanış olmaq istəyənlər bu linkdən istifadə edə bilərlər: http://anl.az/el/vsb/Ferman_Salmanov_90/index.htm

 

Azərbaycan xalqı dünya sivilizasiyasına töhfələr vermiş, özünün bənzərsiz milli koloritini, milli mənliyini qoruyub saxlamış övladları ilə daima fəxr edir, qürur duyur.

 

 

Mədəniyyət.- 2021.- 30 iyul.- S.6.