TÜRKSOY Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir

 

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY Azərbaycan Respublikası ilə əməkdaşlıq münasibətlərini, Azərbaycan Prezidentinin ümumtürk mədəniyyətinin təbliğində rolunu yüksək qiymətləndirir.

 

Bu fikir TÜRKSOY-un Baş katibi Düsen Kaseinovun Respublika Günü münasibətilə Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda vurğulanır.

 

Azərbaycanın milli bayramı Respublika Günü münasibətilə TÜRKSOY-un Baş Katibliyi, Türkdilli Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Zati-aliniziqardaş Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm.

 

Müdrik və ardıcıl siyasətiniz nəticəsində bu gün müstəqil Azərbaycan Respublikası siyasi, iqtisadi və mədəni sahələrdə böyük nailiyyətlər qazanaraq regionda sülhün və əmin-amanlığın bərqərar olmasını təmin edib, deyə məktubda bildirilir.

 

Baş katib Azərbaycan Prezidentinin təşəbbüsü ilə Şuşada keçirilən Xarıbülbül musiqi festivalının əhəmiyyətini xüsusi qeyd edib: Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın əsrarəngiz Cıdır düzündə yenidən təşkil olunan Xarıbülbül musiqi festivalı Azərbaycan xalqının mədəni və mənəvi zənginliyini bütün dünyaya növbəti dəfə nümayiş etdirdi. Festival, həmçinin Azərbaycanda dinietnik tolerantlığın yüksək səviyyədə qorunmasının və çoxkonfessiyalı, çoxmillətli bir respublikada həmrəyliyin, rifahın və sabitliyin təsdiqinə çevrildi.

 

Məktubda vurğulanır ki, TÜRKSOY üzv ölkələr arasında qarşılıqlı əməkdaşlığı gücləndirmək, ortaq dəyərlərimizi dünyada təbliğ etmək üçün səylərini layiqincə davam etdirəcək.

 

Mədəniyyət.- 2021.- 2 iyun.- S.2.