“Gənc musiqiçilər və qiraətçilər muzeydə”

 

İyunun 1-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil-Muzeyində Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə “Gənc musiqiçilər və qiraətçilər muzeydə” adlı tədbir keçirilib.

 

Tədbirdə paytaxtın Niyazi adına 22 nömrəli və G.Şaroyev adına 35 nömrəli onbirillik uşaq musiqi məktəblərinin şagirdləri, “Günayuşaq teatrının üzvləri və muzey əməkdaşlarının övladları iştirak ediblər.

 

Əvvəlcə uşaqlara maestro Niyazinin həyat və yaradıcılığı haqqında məlumat verilib, sonra intellektual oyun keçirilib.

 

Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək uşaqları bayram münasibətilə təbrik edib.

 

Uşaqların ifasında Avropa bəstəkarlarının əsərlərindən ibarət musiqi proqramı təqdim edilib. Tədbir çərçivəsində uşaqlar muzeyin zəngin kolleksiyaları əsasında hazırlanmış “Musiqiçilər uşaqlıqda” videoçarxını izləyiblər. Sonda uşaqlara muzeyin nəşr nümunələri  hədiyyə edilib.

 

Mədəniyyət.- 2021.- 2 iyun.- S.2.