BXA-da Respublika Günü münasibətilə konsert proqramı

Bakı Xoreoqrafiya Akademiyasında (BXA) 28 May Respublika Gününə həsr olunmuş konsert proqramı keçirilib.

 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra BXA tələbələrinin ifasında rəqs parçaları ifa olunub.

 

BXA-nın tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən Əziz Qarayusifli çıxış edərək hər kəsi Respublika Günü münasibətilə təbrik edib, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən danışıb.

 

Qeyd olunub ki, 1918-ci il mayın 28-də elan olunmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk parlamentli respublika demokratik dövlət nümunəsidir. 1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan Respublikası özünü 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin varisi elan edib dövlət müstəqilliyimiz bərpa olunub.

 

Sonda Ə.Qarayusifli Şuşa şəhərində keçirilən Xarıbülbül musiqi festivalında iştirak etmiş BXA-nın müəllim tələblərinə fəxri diplomlar təqdim edib.

 

Tədbir BXA müəllim tələblərinin ifasında SSRİ Xalq artisti Müslüm Maqomayevin Azərbaycan mahnısının səslənməsi ilə yekunlaşıb.

 

 

Mədəniyyət.- 2021.- 2 iyun.- S.5.