Milli Xalça Muzeyinin direktoru beynəlxalq konfransda təqdimatla çıxış edib

 

Türkmən Xalçası Günü (may ayının sonuncu bazar günü qeyd olunurred.) münasibətilə “Türkmən xalçası – gözəllik nümunəsi” adlı beynəlxalq konfrans keçirilib.

 

Azərbaycan Milli Xalça Muzeyinin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova onlayn formatda beynəlxalq konfransda iştirak edib. O, “Qarabağ xalçalarının gözəlliyi” mövzusunda geniş təqdimatla çıxış edib.

 

Azərbaycan xalçaçılıq sənətinin bir çox şah əsərlərinin məhz Qarabağda yaradıldığını diqqətə çatdıran Şirin Məlikova qeyd edib ki, XV-XVI əsrlərdə kütləvi şəkildə Avropaya ixrac edilən Qarabağ xalçaları Azərbaycan xalçaçılığının dörd regional növündən biridir. Direktor Azərbaycan Milli Xalça Muzeyinin ilk eksponatının da məhz Qarabağın XIX əsrə aid “Balıq” xalçası olduğunu vurğulayıb. Bildirib ki, bu gün Qarabağ xalçaları  dünyanın məşhur muzeylərini və şəxsi kolleksiyaları bəzəyir.

 

Qarabağın məşhur “Xətai”, “Əjdahalı”, “Malıbəyli”, “Qasımuşağı”, “Bəhmənli”, “Çələbi”, “Ləmpə” və s. xalçalarının kompozisiyaları, simvol və ornamentlərinin semantik mənası haqqında ətraflı söz açan Ş.Məlikova Qarabağda toxunan xovlu xalçalarla yanaşı, xovsuz xalçalarkilim, cecim, şəddə, vərni, zili və s. ilə bağlı da məlumat verib.

 

Direktor “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” çərçivəsində görülən işlərdən də bəhs edib, ölkə rəhbərliyinin, Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın xalçaçılıq sənətinin şedevrlərinin vətənə qaytarıldığını bildirib. Qeyd edib ki, Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasındakı ən dəyərli eksponatlardan biri 2018-ci ildə Heydər Əliyev Fondu tərəfindən muzeyə bağışlanan Qarabağın XVII əsrə aid “Xətai” xalçasıdır.

 

Beynəlxalq konfransa Səudiyyə Ərəbistanı, Türkiyə, Almaniya, Birləşmiş Ərəb Əmirliklərindən mütəxəssislər də qatılıb.

 

 

Mədəniyyət.- 2021.- 2 iyun.- S.5.