Afrika Həftəsində mədəniyyətlərarası dialoqa ölkəmizin töhfələrindən danışılıb

Azərbaycanın Afrika ölkələri ilə əlaqələrinin tarixi var. Hələ ötən əsrin 60-cı illərindən Afrikanın müxtəlif ölkələrindən olan minlərlə gənc Bakıda ali təhsil alıb. 2014-cü ildə yaradılmış UNESCO/Azərbaycan Trust Fondu Afrikanın Keniya, Uqanda, Tanzaniya, Liberiya kimi ölkələrində qızların təhsili, gender bərabərliyi, təhsildə bərabərlik kimi müxtəlif layihələrin maliyyələşməsində yaxından iştirak edib.

 

Bu fikirləri Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev qurumun qərargahında keçirilən Afrika Həftəsi çərçivəsində müraciətində qeyd edib. Bildirib ki, Azərbaycan Afrika ölkələrində qızların və qadınların təhsilə əlçatarlığı layihələrində iştirak edərək, gənc qızlar və qadınların həyat keyfiyyətlərini və rifahının yüksəldilməsində yerli hökumətlərin səylərinə töhfə verib. Cəmiyyətin imkansız qrupları, xüsusilə də gənc qız və qadınların təhsilə çıxışını asanlaşdırmaq, təhsilin keyfiyyətini yaxşılaşdırmaq və təhsil imkanlarını artırmaq istiqamətində strategiyalar hazırlanmasında yaxından iştirak edib.

 

Daimi nümayəndə Azərbaycanın bəşəriyyət üçün çox kritik bir dövrdə Qoşulmama Hərəkatına sədrlik etdiyini diqqətə çatdıraraq qeyd edib ki, üzv ölkələrə pandemiya ilə bağlı adekvat, operativ və əhatəli yardım göstərməyin mümkün yollarını tapmaq üçün Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclası çağırılıb.

 

Azərbaycan və Afrika arasında mədəniyyətlərarası dialoqun təşviqi sahəsində əlaqələrə toxunan daimi nümayəndə Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə qəbul edilmiş Bakı Prosesinin fərqli qitələrdə yaşayan, müxtəlif etnik, mədəni, dinidil mənşəyi və irsi olan fərdlər və qruplar arasında qarşılıqlı anlaşma və hörmət əsasında açıq fikir mübadiləsini əhatə etdiyini vurğulayıb.

 

Daimi nümayəndə Afrikada sülh mədəniyyətinə həsr olunmuş Luanda Biennalesi və Bakı Prosesi arasında səciyyəvi sinerji yaratmağın vacibliyindən söz açıb. Sülh, tolerantlıq, birgə yaşayışı, insan hüquqlarına hörməti və xalqların kimliyini və mədəni müxtəlifliyini təşviq etmək üçün vasitə olan bu sinerji sivilizasiyalar, sülh mədəniyyəti və dinlərarası əməkdaşlıq sahələrində güclü dialoq yaradacağını diqqətə çatdırıb.

 

Davamlı inkişaf sülhün qorunması, eləcə də sülh davamlı inkişaf üçün əsasdır. Kimsəni geridə qoymadan hər kəs üçün davamlı sülhün, firavanlığın və sabitliyin təmin olunması hamımızın əsas hədəfimiz və məsuliyyətimizdir. Ölkəm daim bütün dünyada barışı gücləndirməyə və hamı üçün davamlı inkişaf təmin etməyə çalışır, - deyə E.Abdullayev bildirib.

 

Səfirin çıxışı zamanı Azərbaycan, onun görməli məkanları və ölkəmizin Afrika ölkələrinə verdiyi töhfələri əks etdirən video bir çox ölkələrin televiziya kanalları vasitəsilə yayımlanıb.

 

Qeyd edək ki, Afrika Həftəsində UNESCO-nun Baş direktoru Odre Azule, qurumun 40-cı Baş Konfransının prezidenti Altay Cengizer, qurumun İcra Şurasının prezidenti Albertus Aochamub, UNESCO yanında Afrika qrupunun sədri Henok Teferra iştirak ediblər.

 

Mədəniyyət.- 2021.- 2 iyun.- S.3.