Avstriyanın Baden şəhərində Azərbaycan mədəniyyəti günləri

Xəbər verdiyimiz kimi, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümü münasibətilə Avstriyanın Baden şəhərində Azərbaycan mədəniyyəti günləri keçirilib. Üç gün ərzində şəhərdə azərbaycanlı musiqiçilərin iştirakı ilə konsert proqramları təqdim olunub.

 

Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) və Baden Şəhər Bələdiyyəsinin birgə təşkil etdiyi mədəniyyət günlərinin ilk konserti Baden Konqres salonunda gerçəkləşib.

 

Baden Şəhər Mədəniyyət İdarəsinin rəhbəri Hans-Qerd Ramaxer konsertdən əvvəl çıxış edərək şəhərdə Azərbaycan mədəniyyəti ilə bağlı tədbirlərin ənənə halını aldığını, xüsusilə Azərbaycan musiqisinə böyük maraq olduğunu deyib. O, pandemiya ilə bağlı dayandırılmış mədəni tədbirlərin bərpasından sonra ilk konsertin Azərbaycana həsr olunmasının da təsadüfi olmadığını diqqətə çatdırıb.

 

İlk konsertdə Əməkdar artist, tarzən Şəhriyar İmanovun rəhbərlik etdiyi trio və gənc bəstəkar, pianoçu Etibar Əsədli etno-caz proqramı ilə çıxış edib.

 

Mədəni proqramın ikinci günündə pianoçu Etibar Əsədli solo konsert proqramı ilə musiqisevərlərin qonağı olub. O, solo konsertdə Azərbaycan bəstəkarlarının əsərlərini, xalq mahnılarını və öz bəstələrini ifa edib. Azərbaycan musiqisinin caz improvizasiyaları ilə təqdimatı, eləcə də bəstəkarın müəllifi olduğu 1924, İthaf əsərləri maraqla qarşılanıb.

 

Baden şəhərində Azərbaycan mədəniyyəti günləri qala-konsertlə başa çatıb.

 

Yekun konsertdən əvvəl Baden Şəhər Mədəniyyət İdarəsinin rəhbəri Hans-Qerd Ramaxer və Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova çıxış ediblər.

 

Baden şəhəri ilə Azərbaycan Mədəniyyət Mərkəzi arasında uğurlu əməkdaşlıq qurulduğunu deyən H-Q.Ramaxer qeyd edib ki, bir neçə ildir Azərbaycan musiqisi bu şəhərin mədəniyyət proqramının tərkib hissəsinə çevrilib.

 

Leyla Qasımova çıxışında Baden Şəhər Bələdiyyəsinə uğurlu əməkdaşlığa görə təşəkkür edibbildirib ki, ötən il pandemiyadan öncə AMM-in sonuncu tədbiri məhz Baden şəhərində keçirilmişdi. Pandemiya ilə əlaqədar məhdudiyyətlərin yumşaldılmasından sonra ilk mədəniyyət tədbirinin yenə Badendə baş tutması simvolik xarakter daşıyır.

 

L.Qasımova qeyd edib ki, Respublika Günü münasibətilə mədəniyyət günlərində tamaşaçılara rəngarəng musiqi proqramı təqdim olunub. Azərbaycan musiqiçiləri Baden Konqres salonunda etno-caz, milliklassik musiqi proqramları ilə çıxış ediblər. Eyni zamanda, vurğulanıb ki, bu il Respublika Gününü hər bir azərbaycanlı xüsusilə sevincqürurla qeyd edir, çünki Azərbaycan 2020-ci ildə öz ərazi bütövlüyünü bərpa edib. Mədəniyyət günləri də Azərbaycanın müstəqilliyi və öz ərazi bütövlüyünün bərpası uğrunda qazandığı Zəfərə həsr olunub.

 

Qala-konsertdə Əməkdar artist, Qızıl çinar beynəlxalq mükafatı laureatı Fuad İbrahimovun dirijorluğu ilə Vyana Kamera Orkestri çıxış edib. Konsertdə Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Cahangir Cahangirov, Aqşin Əlizadə, Arif Məlikov, Tofiq Quliyev, Vasif Adıgözəlov, Müslüm Maqomayev, Fərhad Bədəlbəyli və digərlərinin əsərləri ifa olunub. Fuad İbrahimov tamaşaçılara hər bir əsərin ifasından əvvəl onun bəstəkarı, əsərin tarixçəsi barədə məlumat verib.

 

Qala-konsert Azərbaycan klassik əsərlərindən birinin premyerası ilə də yadda qalıb. Gənc Azərbaycan bəstəkarı, 44 günlük Vətən müharibəsinin iştirakçısı Vüqar Məmmədzadənin Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhid olan silahdaşlarının ruhuna ithaf etdiyi Mənim yolum adlı əsəri də ilk dəfə bu konsertdə səslənib. Qoboyorkestr üçün bəstələnmiş əsəri Vyanada yaşayan və əslən Türkiyədən olan gənc qoboy ifaçısı İrem Mercan orkestrin müşayiəti ilə ifa edib. Konsertdə solistlər Əməkdar artist Şəhriyar İmanov (tar), Mərziyyə Hüseynova (soprano), Orxan Cəlilov (tenor), Jalə Rəsulova və Etibar Əsədlinin (hər ikisi fortepiano) ifaları da böyük maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2021.- 2 iyun.- S.1;8.