Unutmaz ellər Saranı

1922-ci il mayın 31-də əslən Ağdamın Gülablı kəndindən olan Bəbiş kişinin ailəsində bir qız övladı dünyaya gəldi. Adını Sara qoydular. O, Bakıda doğuldu. Amma doğma torpağına bağlı olan və qohum-əqrəbaları da orada yaşayan Bəbiş kişi tez-tez ailəsi ilə Gülablıya gedərdi. Balaca Sara da buranın ab-havasından, təbiətindən mənən qidalanardı. Bülbüllərin cəh-cəhi, Qarabağ bulaqlarının sərin suyu, təbiətin füsunkar gözəllikləri bir sözlə, bütün bunlar onun ruhuna hopduqca səsinə də sirayət edirdi. Sara böyüdükcə səsi də formalaşırdı.

 

Bir gün Bəbiş kişi eşitdi ki, Sara öz-özünə zümzümələr edir. Ata bundan çox sevindi və qızının müğənni olması ümidi ilə onu ustad xanəndə Zülfü Adıgözəlovun yanına apardı. Zülfü bəy də bu səsi heyranlıqla dinləyib ona bir neçə məsləhət verdi. Lakin 1937-ci il 15 yaşlı Saranın həyatında acı bir xatirənin izini qoydu. Atası Bəbiş kişi vəfat etdi. Bu, Saranın ruhunu çox sarsıtdı. Lakin anası ona dəstək olur, atasının arzusunu yerinə yetirərək musiqidən uzaqlaşmamağı tövsiyə edir.

 

1938-ci ildə baş verən bir hadisə isə gənc Saranı böyük səhnəyə bağlayır. Bakıda Respublika baxış-müsabiqəsi keçirilir. Üzeyir Hacıbəyli başda olmaqla Xan Şuşinski, Qurban Pirimov, Əhməd Bakıxanov, Zülfü Adıgözəlov və daha bir neçə sənətkarın münsif kimi iştirak etdiyi həmin müsabiqədə ustadı Zülfü bəyin təklifi ilə Sara Qədimova da çıxış edir. Onun ifası dahi Üzeyir bəyin diqqətini cəlb edir və gənc qız müsabiqənin birincisi olur. Hətta Üzeyir bəy onu yanına çağıraraq Sənin çox gözəl səsin var, sən gələcəkdə səhnəmizin Leylisi ola bilərsən, deyir. Dahilər uzaqgörən olurlar. Həqiqətən də, illər keçdikdən sonra Sara Qədimova Azərbaycan operasının səhnəsində Leyli və Əsli obrazlarının mahir ifaçısı kimi çıxış edir.

 

Həmin müsabiqədən bir müddət sonra Üzeyir bəyin dəstəyi ilə Sara Qədimova Azərbaycan Dövlət Filarmoniyasına solist qəbul edilir. Bu minvalla o, 1941-ci ildən filarmoniyanın, 1957-1962-ci illərdə isə Azərbaycan Dövlət OperaBalet Teatrının solisti olub. Amma Sara xanımın sənət ömrünün bir məkanı var ki, bu da xalqın yaddaşı, xalqın sevgisi və Azərbaycan ifaçılıq sənətinin tarixidir. Neçə-neçə sənətkarın adı bu tarixin qızıl səhifələrinə yazılıb. Sara Qədimova da belə unudulmaz, adı tarixdə hörmətlə çəkilən sənətkardır. O, sanki elə musiqi sənəti üçün doğulmuşdu. Bu yerdə qısa haşiyə çıxaq.

 

2002-ci il idi. Sara xanımın anadan olmasının 80 illik yubileyi ilə əlaqədar olaraq onun haqqında Azərbaycan Radiosunda Yubileylər. Portretlər silsiləsindən bir veriliş hazırlamaq məqsədilə ona zəng etdim. Sözümü yerə salmadı, hətta bir qədər atam, müğənni Təhmiraz Şirinovun məlahətli səsindən və ifaçılıq fəaliyyətindən də danışdı. Mənə gəlincə isə dedi ki, siz musiqişünaslar bizim kimi sənətkarların həyat və yaradıcılıq yolunu yaxşı bilməlisiniz ki, bu barədə təbliğatınız da düzgün olsun. Haqlı idi. Bəzən mətbuatda, elə televiziya, radio efirlərində də sənət və sənətkar haqqında dərin bilgisi olmayanlar danışaraq mövzu ilə bağlı insanlarda çaşqınlıq yaradırlar. Nə isə, bu da başqa bir mövzunun söhbətidir. Sara xanımın bu fikrini xatırladığım məqama qayıdaq.

 

Sara xanımla görüşüb, onun həyat və yaradıcılığı barədə maraqlı söhbətlərini lentə yazaraq onun əsasında da radio verilişi hazırladım. Həmin lent yazısında Sara xanım öz ömür kitabından maraqlı səhifələri vərəqləyərək təhsil illərindən də bəhs etmişdi. Belə ki, o, Tibb Məktəbini fərqlənmə diplomu ilə bitirərək imtahansız Tibb İnstitutuna daxil olur. Üçüncü kursdan sonra isə institutu tərk edərək özünü yalnız musiqi sənətinə həsr edir. Bu yerdə unudulmaz söz sərrafı Əliağa Vahidin misraları düşür yadıma:

 

Musiqiylə ola hər xəstəyə aləmdə əlac,

Bu təbabət neçə min çareyi loğmana dəyər.

 

Beləcə, Sara xanım da öz məlahətli səsi ilə insanları mənən şəfalandıraraq onlarda mənəvi zövq aşılayıb. Bu, Sara xanımın ömrünə yazılan həyat və yaradıcılıq yolu idi. O, bu yolda da hər cəfaya dözərək, bütün enişli-yoxuşlu yollardan keçərək sənətin zirvəsinə ucaldı.

 

Hüseynqulu Sarabski, Zülfü Adıgözəlov, Xan Şuşinskibu kimi ustadlardan xalq musiqisi və muğamlarımızın sirlərini mənimsəyən Sara Qədimova ifaçılıq sənətində öz yolunu, öz üslubunu yaratdı.

 

İfa etdiyi muğam dəsgahlarına, xalq mahnı və təsniflərinə, eləcə də bəstəkar nəğmələrinə Sara xanım sanki öz möhürünü vurdu. Onun məlahətli səsindən yadigar qalan hər nə varsa, bunlar Azərbaycan ifaçılıq sənətinin dəyərli inciləridir. Bu incilər onu dinləyənlərin daim ruhunu oxşayıb və oxşamaqdadır. Odur ki, Sara xanımın sənəti xalq tərəfindən sevilib, dövlət tərəfindən də yüksək qiymətləndirilib. Respublikanın Əməkdar artistiXalq artisti fəxri adlarına layiq görülüb. Ulu öndərimiz Heydər Əliyev 2002-ci ildə Sara Qədimovanı Şöhrət ordeni ilə təltif edib.

 

83 il cismani ömür yaşayan Sara Qədimova öz istedadı, məlahətli səsi və zəhməti sayəsində ruhən əbədiyaşardır. Bir xalq mahnımız var: Apardı sellər Saranı. Nədənsə, bu mahnıya istinadən fikrimdən belə misralar keçir:

 

Heyran olub xoş səsinə,

Neçə-neçə nəğməsinə,

Valeh idi sənətinə,

Sevirdi ellər Saranı.

 

Həzin-həzin oxuyurdu,

Sanki çələng toxuyurdu,

Nəğməsi gül qoxuyurdu,

Sevirdi ellər Saranı.

 

Nəfəs verib Rasta, Şura,

Qəlbini gətirdi şura,

Ölməz sənətkardı Sara,

Aparmaz sellər Saranı,

Unutmaz ellər Saranı.

 

Beləcə, Sara xanımın məlahətli səsi onu nəsillərdən-nəsillərə tanıdacaq sevdirəcək.

 

Səadət TƏHMİRAZQIZI

Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

Mədəniyyət.- 2021.- 2 iyun.- S.7.