“Bu gün – uşaqlar, sabah – xalq”

 

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin iştirakı ilə bayram tədbiri

 

 

 

Rusiya Mədəniyyət Fondu Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi Beynəlxalq Uşaqların Müdafiəsi Günündə Moskvada uşaqlar üçün bayram tədbiri təşkil ediblər.

 

Tədbir Sergey Mixalkov adına Rusiya Mədəniyyət Fondunda “Bu gün – uşaqlar, sabah – xalq” layihəsi çərçivəsində təşkil edilib. Tədbirin təşkilində  “Kinolestnitsa” Yaradıcılıq Birliyi, “Yunarmiya” Hərbi Vətənpərvərlik Tərbiyəsi Mərkəzi, Moskva Musiqili Kadet Korpusunun “Deti kino” məktəb-studiyası da iştirak edib.

 

Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin humanitar proqramlarının rəhbəri, fəlsəfə elmləri doktoru Tamilla Əhmədova bildirib ki, artıq 71 ildir bütün dünyada yayın ilk günü Uşaqların Müdafiəsi Günü kimi qeyd edilir: “Bu bayram bizə xatırladır ki, bizim balaca sakinlərimizin yaşamaq, təhsil almaq, müdafiə olunmaq hüququ var. Bir sözlə, onların xoşbəxt olmaq hüququ var! Bugünkü uşaqlar sabah ölkələrin, planetimizin, bütün bəşəriyyətin taleyini həll edəcəklər! Bugünkü görüşümüz “Bu gün – uşaqlar, sabah – xalq” şüarı altında keçirilir. Nə yaxşı ki, bu bayram günündə biz bütün problemlərimizi bir kənara qoyaraq ən başlıca vəzifəmizi yerinə yetirə – uşaqlarımızı dinləyə bilirik. Axı biz Yer kürəsini onlara miras qoymalıyıq”.

 

Tamilla Əhmədova vurğulayıb ki, uşaqların problemləri heç vaxt Heydər Əliyev Fondunun diqqətindən kənarda qalmır. Bu, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Fondun fəaliyyətinin əsas istiqamətlərindən biridir. Fondun vitse-prezidenti və Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyeva bütün ölkələrdə uşaqlara kömək etməyə, onların həyatını daha parlaq, daha xoşbəxt etməyə yönəlmiş layihələri həmişə dəstəkləyir.

 

“Rusiya və Azərbaycan həmişə mehriban qonşular, siyasət, iqtisadiyyat, elm və mədəniyyət sahələrində tərəfdaşlar olublar və yenə belədir. Sevindirici haldır ki, ölkələrimizin və xalqlarımızın övladları dövlətin və cəmiyyətin etibarlı müdafiəsi, bir-birinə qarşılıqlı hörmət şəraitində böyüyürlər. Ən möhkəm və ən səmimi dostluq münasibətləri məhz uşaqlıq dövründə yaranır. Bu gün uşaqların dostluğu sabah xalqlar arasında dostluq olacaq”, – deyə T.Əhmədova bildirib.

 

“Kinolestnitsa” Yaradıcılıq Birliyinin prodüseri Nina Komarova qeyd edib ki, bu birgə tədbiri keçirməklə biz gələcək səmərəli əməkdaşlığın təməlini qoyuruq: “Bu gün biz necə istedadlı uşaqlar olduğunu gördük. Moskvadakı Qara Qarayev adına Musiqi məktəbinin şagirdi, pianoçu Yeliseyin ifası bizə xüsusilə güclü təsir bağışladı. Onu bu tədbirə Heydər Əliyev Fondunun nümayəndəliyi dəvət edib”.

 

Qeyd edək ki, bayram tədbirinin qonaqları 7-12 yaşlı uşaqlar olub. Balaca istedadların ifasında musiqi nömrələri də təqdim edilib.

 

 

Mədəniyyət.- 2021.- 4 iyun.- S.2.