“Hər kəlamın bir məktəbdir”

 

 

Sabirabad Regional Mədəniyyət İdarəsinin “Mədəni kənd – mədəni mühit” layihəsi çərçivəsində Saatlı rayon Mədəniyyət Mərkəzinin Cəfərxan kənd Diyarşünaslıq evi, kənd tam orta məktəbi və kənd kitabxanasının təşkilatçılığı ilə “Nizami Gəncəvi – 880” adlı tədbir keçirilib. Nizaminin kitabları nümayiş olunub, məktəblilər şairin şeirlərini səsləndirib.

 

Kürdəmir Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Nizami Gəncəvinin 880 illiyi münasibətilə söz ustadının portreti əks olunmuş təqdimat bukletləri çap olunub. Regional idarənin əhatə etdiyi beş rayonda (Kürdəmir, İmişli, Beyləqan, Füzuli və Xocavənd) yerləşən MKS, mədəniyyət mərkəzləri və mədəniyyət evləri üçün hazırlanan bukletlərdə müəssisələrin yaranma tarixi, fəaliyyəti, ünvanı və əlaqə vasitələri barədə məlumatlar əksini tapıb.

 

Şəki Regional Mədəniyyət İdarəsi Şəki şəhər 4 nömrəli Uşaq musiqi məktəbində keçirilən tədbirdə dahi Nizaminin qəzəllərinə yazılmış romanslar, həmçinin “Yeddi gözəl” poemasından “Xeyir və Şər” hekayəti və digər əsərlərindən hissələr səsləndirilib. Nizami Gəncəvi adına Zaqatala rayon Mərkəzi kitabxanası tərəfindən videokonfrans keçirilib.

 

Ağstafa Regional Mədəniyyət İdarəsi, aşıq Ə.Cəfərov adına Tovuz rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı və filialların iştirakı ilə “Hər kəlamın bir məktəbdir” adlı onlayn tədbir keçirilib.

 

Mədəniyyət.- 2021.- 4 iyun.- S.3.