Bakının yay yığıncaqları üçün...

Qədimliklə müasirliyin qovuşduğu Bakının memarlıq mənzərəsinə rəng qatan tikililər barədə məlumat verməyə davam edirik. Bir binanın tarixində bu dəfə oxucularımıza 85 yaşını tamamlayan Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının bir əsrdən artıq tarixi olan binası haqqında söz açacağıq.

 

Filarmoniya sözü yunan dilindən tərcümədə musiqini sevmək anlamına gəlir. Yəni konsertlər təşkil edən və musiqi sənətinin təbliğini həyata keçirən cəmiyyət və ya idarə.

 

25 may 1936-cı ildə təşkil edilən Azərbaycan Dövlət Filarmoniyası Nazirlər Kabinetinin qərarı ilə 2018-ci ildən Akademik statusu ilə fəaliyyət göstərir.

 

 

klubun yanması...

 

 

Paytaxtımızın qocaman mədəniyyət müəssisələrindən olan Filarmoniyanın binası özündə maraqlı tarix yaşadır. Mədəniyyət ocağının quruluşçu rejissoru Ayla Kərimova-Zəkəriyyə binanın tarixi haqqında məlumat verir. Deyir ki, 1907-ci ildə Bakı İctimai Məclisinin ağsaqqalları Şəhər Dumasına Qubernator bağında yay yığıncaq binasının tikilməsi ilə bağlı müraciət edirlər. Həmin günlərdə indiki İçərişəhər metro stansiyasının yaxınlığında taxtadan tikilmiş klub adlandırılan əyləncə məkanı yanğın nəticəsində tamamilə sıradan çıxmışdı. klubun yanması nəzərdə tutulan yığıncaq binası məsələsini bir qədər tezləşdirir.

 

Bakı Şəhər Dumasının yanğından bir neçə gün sonra 1907-ci ilin 6 martında keçirilən iclasında Sadovı (indiki Niyazi küçəsi) və Nikolayevski (indiki İstiqlaliyyət) küçələrinin tinində təxminən 1700 kvadratmetr torpaq sahəsinin bu məqsədlə Bakı İctimai Məclisinə verilməsi haqqında qərar çıxarılır.

 

Layihənin yekun variantı 1910-cu ildə hazırlanır və təsdiqlənməsi üçün şəhər idarəsinin inşaat komissiyasına təqdim edilir. İnşaat işlərinə başlanılır. 1912-ci ilin sonunda İtaliya memarlıq üslubu ilə Şərq memarlıq sənəti ənənələrinin üzvi vəhdəti əsasında tikilmiş bina istifadəyə verilir.

 

Bura elə ilk günlərdən müxtəlif musiqi məclislərinin, konsertlərin, musiqili ədəbi gecələrin keçirildiyi mərkəzə çevrilir. 1920-ci ilin iyulunda yaradılmış Azərbaycan Dövlət Simfonik Orkestriöz məşqlərini və konsertlərini bu binada təşkil edirdi. Digər musiqi kollektivləri və solistlərin də burada çıxışları olurdu.

 

1930-cu illərin əvvəllərində binanın təyinatı dəyişdirilir. Müdafiəyə, aviasiyayakimya tikintisinə yardım cəmiyyətinin istifadəsinə verilir və Müdafiə evi adlandırılır.

 

 

Filarmoniya...

 

 

25 may 1936-cı ildə Bakı Sovetinin İşçi-kəndli və matros deputatları qarşısında simfonik konsertlər idarəsinin bazasında Azərbaycan Dövlət Filarmoniyası təsis edilir. Bakı İctimai Məclisinin tikdirdiyi bu möhtəşəm bina yeni təsisata verilir.

 

1936-1937-ci illərdə binada bərpa işləri aparılır. 1937-ci il avqust ayının 11-də Filarmoniyaya görkəmli bəstəkar, pedaqoq Müslüm Maqomayevin (1885-1937) adı verilir.

 

Palladiya ruhunda hazırlanan bina dənizə, mənzərəli Bakı buxtasına tərəf yönəlib. Cənub tərəfdən o, klassik orderləri istifadə etməklə incə və zərif şəkildə ayrı göstərilmiş təntənəli çoxyaruslu kompozisiya kimi qəbul edilir. Bina əsas həcm-memarlıq kütlələrinin artan ritmik özəyi üzərində yan qanadlardan mərkəzə doğru inşa olunub. Bütün həcm-məkan quruluşu dekorativ fənərlə birgə günbəz və minarə üslublu cinahlardan çıxan düzgün quruluşlu qüllələr tikilini tamamlayıb. İşıq və kölgə oyunlarının böyük kütlələri ifadə etmək üçün vasitə kimi istifadə edildiyi, terrasverandalarla zəngin bina İntibah dövrü İtaliya villalarını xatırladır.

 

 

Yeraltı suların yaratdığı təhlükə

 

 

Bir çox musiqi kollektivlərini birləşdirən filarmoniyanın binasından məqsədyönlü şəkildə istifadə edilməsi işində problemlər yaranmışdı. 1976-1977-ci illərdə binada əsaslı təmir aparılsa da, yeraltı suların onun zirzəmisinə sızması nəticəsində bina yararsız vəziyyətə düşmüşdü. 1995-2000-ci illərdə dövlət büdcəsindən ayrılmış vəsait hesabına bunun qarşısının alınması və binanın bünövrəsinin möhkəmləndirilməsi üçün müvafiq işlər həyata keçirilir. Binanın konsert fəaliyyətinin müasir tələblərə cavab verməsi üçün orada əlavə tikinti işlərinin də aparılması qərara alınır.

 

2002-2003-cü illərdə binada növbəti təmir işləri həyata keçirilir. Köhnə interyerlər qorunub saxlanılsa da, tikilinin rəng həlli dəyişdirilir, bir sıra yeni bəzək elementləri əlavə edilir. Daxili akustik qurğular, yeni havalandırma və istilik sistemləri quraşdırılır. Binanın giriş köşkünün konstruksiyasında da dəyişiklik edilir. Qüllələrin rotonda hissəsinin sütunları və fasadda olan vazalar möhkəmləndirilir. Eyni zamanda yay estradası və terrasın altındakı torpaq qatı çıxarılaraq əlavə otaqları yaradılır. 27 yanvar 2004-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə filarmoniya binasının təmirdən sonra təntənəli açılış mərasimi keçirilir.

 

 

Dahi musiqiçilərin çıxış etdiyi səhnə

 

 

Ayla xanım vurğulayır ki, bu möhtəşəm konsert təşkilatında bir neçə musiqi kollektivi fəaliyyət göstərir. Bunlar Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Azərbaycan Dövlət Fortepiano Triosu, Azərbaycan Dövlət Simli Kvarteti, Azərbaycan Dövlət Rəqs Ansamblı, Fikrət Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və bu kollektivin nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestridir.

 

Filarmoniyanın səhnəsində ölkəmizin və dünyanın görkəmli musiqiçiləri çıxış ediblər.

 

Hazırda pandemiya vəziyyətinə görə mədəniyyət ocağı müvəqqəti olaraq fəaliyyət göstərmir. Ümid edirik ki, yaxın zamanda musiqi ocağı öz qapılarını yenidən tamaşaçıların üzünə açaraq bir-birindən maraqlı musiqi gecələri ilə insanları sevindirəcək.

 

Nurəddin MƏMMƏDLİ

 

Mədəniyyət.- 2021.- 4 iyun.- S.4.