Qarabağnamə tarixin səhifələri kitab-albomu işıq üzü görüb

 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Xalq rəssamı Arif Hüseynovun Qarabağnamə tarixin səhifələri adlı kitab-kataloqu işıq üzü görüb. Kataloqda yer alan hər bir əsər yüksək bədii dəyərə malik olmaqla mühüm tarixi əhəmiyyət daşıyır.

 

Komitədən bildirilib ki, Qarabağnamə tarixin səhifələri adlı kitabda əbədi və əzəli torpaqlarımızı, mədəniyyətimizi özündə əks etdirən 45 tabloda rəssam Qarabağın qədim Albaniya dövründən müasir zamanadək Qarabağ müharibəsi, Xocalı faciəsi, Vətən müharibəsində Zəfərədək bütün tariximizə işıq salıb.

 

Qarabağnamə silsiləsində bütün kompozisiyalar real faktları əks etdirir. Ağ-qara cizgilərlə işlənmiş əsərlərdə, həmçinin bir sıra tarixi şəxsiyyətlərin məşhur sərkərdələr, xanəndə və aşıqların portretləri, memarlıq abidələri əks olunub.

 

Kitab-kataloqda rəsm əsərlərinin hər biri haqqında Azərbaycan və ingilis dillərində məlumat xarakterli kiçik mətnlər də verilib.

 

Mədəniyyət.- 2021.- 4 iyun.- S.4.