Vətən müharibəsinin şəhid baş giziri

 

 

Vətən müharibəsində qazandığımız şanlı Qələbə yenilməz Ordumuzun əsgər və zabitlərinin şücaəti, qorxmazlığı sayəsində əldə olunub. Torpaqlarımızın azadlığı uğrunda canını fəda edən minlərlə igidimizdən biri də şəhid baş gizir Aynur Şıxbaba oğlu Poladovdur.

 

Aynur Poladov 1980-ci il oktyabrın 20-də Şabran rayonunun Zeyvə kəndində anadan olub. 1986-cı ildə Zeyvə kənd tam orta məktəbində təhsil alıb. Atasını çox erkən yaşlarında itirsə də, anasının himayəsində Vətəninə, xalqına layiqli övlad kimi yetişib.

 

Məktəb illərindən idmana, hərb sənətinə maraq göstərib. 1998-ci ildə hərbi xidmətə yollanan Aynur 2000-ci ildə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində gizir kursunu keçərək piyadaların döyüş maşını (PDM) komandiri ixtisasına yiyələnir. Elə həmin ildə gizir rütbəsi alaraq Lənkəran şəhərindəki N saylı hərbi hissədə xidmətə başlayır. O, 2016-cı ilin Aprel döyüşlərində qəhrəmanlıqla vuruşub, eləcə də 2020-ci ilin iyulunda dövlət sərhədinin Tovuz rayonu hissəsində düşmən təxribatlarının qarşısının alınmasında şücaət göstərib.

 

Aynur Poladov 20 illik hərbi xidməti dövründə yüksək nizam-intizamı, verilən tapşırıqları vaxtında və dəqiqliklə yerinə yetirdiyinə görə dəfələrlə diplommedallarla təltif olunub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ərazi bütövlüyümüzün bərpa olunması üçün başlanan Vətən müharibəsində mərdliklə vuruşur. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə rəşadət göstərərək qəhrəmancasına şəhid olur.

 

2005-ci ildə ailə həyatı quran Aynurun Xəyal və Aydan adında iki övladı yadigar qalıb. Şəhidin qardaşı Mənsur Poladovun deyir ki, Aynur yaşamaq həvəsi, həyat sevgisi ilə dolu insan idi: “Boş vaxtlarında övladları ilə zaman keçirməyi çox sevərdi. Gələcəklə bağlı böyük arzuları vardı. Çox təəssüf ki, ömrü kimi arzuları da yarımçıq qaldı”.

 

Aynur Poladov oktyabrın 2-də doğulduğu Zeyvə kəndində torpağa tapşırılıb. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Allah rəhmət eləsin.

 

NURƏDDİN

 

Mədəniyyət.- 2021.- 4 iyun.- S.6.