Böyük qayıdış. Həsrətin sonu...

Virtual sərgi şanlı Ordumuzun şücaətinə həsr olunub

 

Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə iyunun 4-də Böyük qayıdış. Həsrətin sonu adlı virtual sərgi nümayiş olunub.

 

Onlayn sərgi işğaldan azad edilmiş ərazilərə Azərbaycan mədəniyyətinin qaytarılması hədəflərinə uyğun olaraq, 2020-ci ilin 44 günlük Vətən müharibəsində müzəffər Ordumuzun göstərdiyi qəhrəmanlığa həsr edilib.

 

Virtual ekspozisiyada Elçin Mustafayev, Şəhla Qəhrəmanlı, Fərhad Yalquzaq, Nərmin Hüseynova, Emin Seyidov, Lalə Hüseynova, Rahib Qarayev, Leyla Altunay, Vaqif Zeyidquliyev, Süleyman Hüseynov, Aytac Tahirova və digər rəssamların qrafika, peyzaj, dekorativ-tətbiqi sənət nümunələri təqdim edilib. Əsərlərin nümayişi görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun Kürd ovşarı simfonik muğamının sədaları ilə müşayiət olunub.

 

Rəssamların Şuşada yaşayış evləri, Xudafərin körpüsü, Qubadlı. Laləzar körpüsü, Gövhər ağa məscidi s. əsərlərində cənnətməkan Qarabağımızın əsrarəngiz guşələri, tarixi memarlıq abidələri, xalçaçılığı, habelə 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Zəfər əksini tapıb. Sərgilənən əl işləri sosial şəbəkə izləyiciləri tərəfindən maraqla qarşılanıb.

 

Böyük qayıdış. Həsrətin sonu virtual sərgisini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.

 

Mədəniyyət.- 2021.- 9 iyun.- S.1.