Can atdığı Suqovuşana yox, asimana qovuşdu...

 

Hər gün bir sevinc yaşat mənə,

hər gün cəbhədən

bir yeni xəbər gətir mənə.

Yerini göstər

anaları gözüyaşlı qoyan düşmənə.

Sənə zəfər yaraşır,

zəfərlə qayıt.

Düşmənin axırına çıx,

xoş xəbərlə qayıt...

 

Bu misraları Azərbaycan Dövlət Pedaqoji Universiteti Cəlilabad filialının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlının qardaşı oğluna, igid Azərbaycan əsgəri Əkbər Hüseynliyə yazdığı şeirdən seçmişəm. Müəllif qürurla cəbhəyə yola saldığı, zəfərlə qayıdacağını gözlədiyi qardaşı oğlunun timsalında bütün Vətən keşikçilərinə sevgisini, inamını dilə gətirmişdi...

 

44 günlük Vətən savaşında Cəlilabad rayonundan da onlarla qəhrəman oğul sinəsini doğma torpağına sipər etdi. Şərəfli şəhid adı qazanaraq sözə sığmayacaq əzəmətə qovuşdular. Onlardan biri məsum baxışları ilə müharibə bitəndən sonra da bizləri haradasa sağ, heç olmasa, yaralı qalmağına inandıran Əkbər idi. Zəfər gününün sevincini hamı kimi yaşaya bilməyən, gözü yolda, qulağı səsdə olan Hüseynlilər ailəsi onu gözləyirdi. İlahi, böyük həsrət, amansız intizardır yol gözləmək, ümidə qapılıb ürəyinin ən dərinliyində özünün belə inanmadığın xəyallara sarılmaq...

 

Doğmaları, dostları, tanıyıb-tanımayanları belə ürək döyüntüsünə çevrilib itkin (əslində, şəhid) əsgərlərindən gələcək xoş xəbəri gözləyirdi. Anası Oğlum salamat gəlsin, qarşısında qurban kəsəcəm deyib xınalı qoç da ayırmışdı. Gecə-gündüz gözünü qapıya dikib, hey dua edir, möcüzəyə inanırdı. Atası göz yaşını, qəlb qubarını gizləmək üçün tez-tez tənhalığa çəkilir, bu intizar bitsin deyə Allaha yalvarırdı. Qardaşı üçün qız gözaltı eləyən, onun əsgərlikdən gələcəyi günü səbirsizliklə gözləyən bacısı özünə heç cür yer tapa bilmirdi.

 

Bitdi. Beləcə, gecəsi gündüzünə qarışan, yuxusu ərşə çəkilən adamların intizarı sonlandı. Uzun müddət itkin kimi soraqlanan Əkbər Hüseynlinin şəhadət xəbəri yayıldı. Nəşi doğma kəndinə gətirildi. 2020-ci ilin 17 dekabrında torpağa əmanət edildi.

 

Anası, o mərd, əzmkar, dağ kimi vüqarlı Ruhiyyə xanım sözünə sadiq qaldı. Ona sağ-salamat qayıdacağına söz verən oğlunun əksinə olaraq andını, əhdini pozmadı. Xınalı qoçu oğlunun cənazəsi önündə kəsdi...

 

Əkbər Azər oğlu Hüseynli 15 oktyabr 2001-ci ildə Cəlilabad rayonunun Alar kəndində dünyaya göz açıb. Heydər Əliyev adına 1 nömrəli Alar kənd tam orta məktəbini bitirən Əkbər təhsilini Bakı Sosial-İqtisad Kollecində davam etdirirdi. Uşaqlıqdan çılğın xarakteri, qorxmazlığı, mübarizə əzmi ilə seçilən Əkbərin tükənməz Vətən sevgisi, sarsılmaz mübarizə əzmi var idi. Ona görə o da düşmənin işğalı, heç vaxt ayaq basmadığı, təsvirlərini yalnız köhnə, ağ-qara kadrlardan izlədiyi Qarabağ torpağının yağmalanması ilə barışmırdı. Müharibə başlasa, heç kim məni saxlaya bilməz deyib o günün arzusu ilə yaşayırdı.

 

Tez-tez düşmənin atəşkəsi pozması xəbəri onu lap hövsələdən çıxarmışdı. Ona görə heç düşünmədən təhsilini yarımçıq qoyub könüllü olaraq həqiqi hərbi xidmətə yollandı. 15 oktyabr 2019-cu ildən onun Vətənə keşik dövrü başladı. Özü coğrafi baxımdan ən mürəkkəb mövqedə, ən çətin istiqamətdə Murovda. Düz bir il idi ki, qartallara yuva olan sıldırımlar qoynunda gözü düşməndə, əli tətikdə idi.

 

Vətən müharibəsinin ilk günlərindən ön cəbhədə, düşmənin od-alov yağışı altında qəhrəmancasına vuruşdu Əkbər. Yağıya aman verməmək, Murov yüksəkliyini almaq üçün xüsusi igidliklər göstərdi. Nə yağış kimi yağan güllələr, nə də sıldırımları bürüyən tələlər onu qorxutmurdu. Bunu onun məzarını ziyarətə gələn səngər dostları, qanlı günlərin yoldaşları deyirdi. Komandiri Əkbərin qorxmazlığından ağızdolusu danışır, bütün döyüş əməliyyatlarında onunla birlikdə hərəkət etdiyini, tərəddüdsüz, bir zərrə qorxu hiss etmədən ən öndə yer aldığını yanğı ilə, həyəcanla xatırlayırdı. Onun saysız-hesabsız erməni işğalçısının axırına çıxdığını, arası kəsilməyən atəşləri ilə düşmənin gözünü qorxudub geri çəkilməyə məcbur etdiyini də titrək səsi ilə hər kəsə çatdırırdı...

 

Yaralandığını hər kəsdən gizlədərək mübarizəyə davam deyən, yalnız oktyabrın 4-də ağır döyüşdə aldığı ciddi xəsarətlərdən sonra hospitala yerləşdirilən Əkbər müalicəsinin tamamlanmasına da imkan vermir. Döyüş yoldaşlarının yanına daha tez qayıtmaq üçün yaralandığını ailəsinə xəbər eləmir. Bir neçə gündən sonra, yaraları tam sağalmadan ön cəbhəyə qayıdır. Goranboy-Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edib, işğal altında qalan torpaqlarımızın azad olunmasında şücaət göstərir və elə həmin ölüm-dirim savaşının ortasındaca ruhu sonsuzluğa yol alır.

 

Suqovuşana qovuşmaq arzusu ilə yaşayaraq, onun saf sularının yaralarına məlhəm olacağına inanaraq elə o yolda da canını fəda edən Əkbər Hüseynli ölümündən sonra Vətən uğrunda, Suqovuşanın azad olunmasına görə və Ağdamın azad olunmasına görə medalları ilə təltif edilib.

 

Baxışına nisgil, həsrət hopmuş şəhid Əkbər haqqında bir-birindən gözəl, təsirli, həzin xeyli şeir yazılıb. Bu günlərdə həmin poeziya nümunələrinin toplandığı Arzuların şəhidi adlı kitab da işıq üzü görüb. Kitabda istedadlı şair Faiq Hüseynbəylinin də bir neçə şeiri yer alır. Onların arasında şəhidin məzarı önündə yazılan bu bənd diqqətimi cəlb etdi və şeirlə başlayan qısa ömür təsvirini elə şeirlə də bitirmək istədim:

 

Bu məzar daşının dili var, Allah,

Adamla danışır bu məzar daşı.

Od qoyur sənətə, sözə, nəğməyə,

Bu ayrılıq daşı, intizar daşı...

 

Həmidə NİZAMİQIZI

 

Mədəniyyət.- 2021.- 9 iyun.- S.6.