“Səhnədən səngərə” layihəsində şəhid Hikmət Məmmədovun həyat hekayəsi

 

 

Mədəniyyət Nazirliyinin Vətən müharibəsində şəhid olmuş mədəniyyət işçilərindən bəhs edən “Səhnədən səngərə” layihəsi davam edir. Layihənin növbəti videotəqdimatı Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun Nizami filialının bələdçisi Hikmət Məmmədov haqqındadır.

 

44 günlük Vətən müharibəsinə könüllü yollanan Hikmətin iki nisgili vardı – düşmən işğalı altında qalan torpaqlarımız və bir neçə il öncə ağır xəstəlikdən dünyasını dəyişən anası...

 

Videomaterialda qısa müddətdə çalışdığı kollektivin sevimlisinə çevrilən Hikmət Məmmədovun yoldaşları, qəhrəman övladı ilə artıq yuxularında görüşən atası, igid qardaşının vəfatından sonra uzun müddət xəstə yatağına düşən Nemət Məmmədov kövrək xatirələrini bölüşüblər.

 

1993-cü ildə Daşkəsən rayonunun Xoşbulaq kəndində doğulan Hikmət Məmmədov orta təhsilini Gəncədə yerləşən Kəlbəcər rayon 98 nömrəli tam orta məktəbində alıb. 2015-ci ildə Gəncə Dövlət Universitetinin Mühasibat uçotu fakültəsini bitirib. Sonra həqiqi hərbi xidmətdə olub.

 

Əmək fəaliyyətinə Nizami məqbərə kompleksində başlamışdı. Vətən müharibəsi başlayanda o da torpaqlarımızın azad olunması uğrunda ölüm-dirim savaşına qatılır. Oktyabrın 2-də Murovdağ istiqamətində döyüşlərdə şəhadətə yetir. Gəncədəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

 

Mədəniyyət.- 2021.- 9 iyun.- S.2.