Şəhid Vəzir Sədiyevin 60 illiyi münasibətilə

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Vəzir Sədiyevin 60 illiyi ilə əlaqədar videoçarx hazırlayıb.

 

Videoçarx kitabxananın sosial media hesablarında paylaşılıb.

 

Vəzir Sədiyev 1961-ci il iyunun 6-da Gürcüstan Respublikasının Marneuli rayonunun Aşağı Qullar kəndində dünyaya göz açıb. Tbilisi Ali Hərbi Artilleriya Məktəbində təhsil alıb. Əfqanıstan müharibəsində iştirak edib. Hərbi xidmətdə mayor rütbəsinədək yüksəlmişdi. 1992-ci ilin Xocalı soyqırımından sonra Vətən torpaqlarının müdafiəsi uğrunda könüllü olaraq cəbhəyə yollanır. Vəzir Sədiyev Laçın, Qubadlı, Füzuli, Ağdərə rayonlarında gedən döyüşlərdə iştirak edib. Milli Orduda artilleriya hissələrinin yaradılmasında onun böyük xidmətləri olub.

 

Cəsur komandir Vəzir Sədiyev 1993-cü il fevralın 19-da Ağdərə rayonunun Həsənriz kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

 

Bakıda, Şəhidlər xiyabanında dəfn edilib.

 

Ölkə Prezidentinin 15 yanvar 1995-ci il tarixli fərmanı ilə Sədiyev Vəzir İsa oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

 

Mədəniyyət.- 2021.- 11 iyun.- S.6.