Murovdağ yüksəklikləri uğrunda

Şəhidlər Vətənimizin azadlığının qəhrəman şahidləri, müqəddəs and yerimizdir. Onların canları, qanları bahasına, misilsiz fədakarlıqlarına görə biz qalib, haqqını düşməndə qoymayan xalq imicini qazandıq. 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan igidlərimizdən biriOrxan Daşdəmirovdur.

 

Orxan Rafael oğlu Daşdəmirov 2001-ci il fevralın 27-də Xaçmaz rayonunun Hülövlü kəndində anadan olub və həmin kəndin tam orta məktəbində təhsil alıb. O, uşaqlıqdan hərb sahəsinə maraq göstərirdi. 2019-cu ildə Cəlilabad rayonundakı N saylı hərbi hissədə xidmətə başlayır. Xidməti zamanı ona verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirdiyinə görə komandir heyətinin rəğbətini qazanır.

 

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda o, təcrübəli əsgər kimi döyüşlərə hazır idi. Digər qəhrəman igidlərimiz kimi, Orxan da Vətənin müdafiəsinə yollanır. Onun daxil olduğu hərbi birləşmə çox çətin bir əməliyyat tapşırığı almışdı. Murovdağ yüksəklikləri mənfur düşməndən təmizlənməli idi. Müharibənin ilk günündən bu istiqamətdə misli görünməmiş döyüşlər başlayır. Qəhrəman hərbçilərimiz böyük iradə və fədakarlıq göstərirlər. Orxan Daşdəmirov da düşmənə qarşı şücaətlə vuruşur və sentyabrın 28-də xalqımıza şanlı Qələbə yaşadacaq Vətən müharibəsinin ikinci günündə şəhadətə yetişir.

 

Şəhidin atası Rafael Daşdəmirov Orxanla sonuncu dəfə sentyabrın 23-də əlaqə saxladıqlarını deyir: Orxanın müharibədə iştirak etməsindən xəbərimiz olmayıb. Sentyabrın 28-də axşam saatlarında şəhid olması xəbərini öyrəndik. Orxan mənim həm tək oğlum, həm də dayağım idi. Onun yoxluğuna alışmaq nə qədər çətin olsa da, Orxanın Vətən torpağının düşməndən azad edilməsi uğrunda şəhidliyə ucalması yeganə təsəllimizdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

 

İgid Vətən oğulları müharibənin ilk günlərində şəhid olan qardaşlarının qanını yerdə qoymadı. Nəinki Murovdağ azad edildi, ölkəmizin ərazi bütövlüyü təmin olundu.

 

Orxan Daşdəmirov sentyabrın 30-da doğulduğu Hülövlü kəndində torpağa tapşırılıb. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra Vətən uğrunda, İgidliyə görə və Kəlbəcərin azad olunmasına görə medalları ilə təltif edilib.

 

Allah rəhmət eləsin.

 

NURƏDDİN

 

Mədəniyyət.- 2021.- 11 iyun.- S.6.