Nyu-Yorkda nəşr edilən qəzetdə Nizami irsi haqqında məqalə

 

ABŞ-ın Nyu-York şəhərində nəşr edilən Bukharian Times qəzetində Azərbaycanda Nizami Gəncəvi İlinin elan edilməsi və dahi şairin ümumbəşəri ideyalarından bəhs edən məqalə dərc olunub. İngilis dilində dərc olunan Milli-mədəni irsin təbliğinə əhəmiyyətli töhfə adlı məqalənin müəllifi Azərbaycanın Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadədir.

 

Müəllif məqalənin əvvəlində diqqətə çatdırır ki, bu gün Azərbaycan xalqı tarixinin mühüm bir dövrünü 2020-ci ildə Vətən müharibəsində qazanılan Qələbənin sevinc qürurunu yaşayır. Çox müsbət haldır ki, Azərbaycanda yaşayan müxtəlif millətlərin nümayəndələri də bu sevinci bölüşürlər. Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin Nizami Gəncəvi İli elan edilməsi çoxmillətli Azərbaycan xalqının sevincinə daha bir sevinc qatıb. Bu, Azərbaycan ədəbiyyatına, mədəni irsə, ümumiyyətlə, milli-mədəni dəyərlərə yüksək diqqətin bariz nümunəsidir.

 

Məqalədə qeyd edilir ki, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin ədəbi irsi böyük söz xəzinəsi olmaqla yanaşı, həm də tarixi salnamədir. Vurğulanır ki, Nizami yaradıcılığı Şərqdə və Qərbdə bir çox şairlərə ilham mənbəyi olub. Onun əsərlərinə müxtəlif dillərdə yüzlərlə nəzirə yazılıb. Nizami Gəncəvi yaradıcılığında irqi, millidini ayrı-seçkilik yoxdur. Onun qəhrəmanları arasında türk, fars, ərəb, Çin, hind, yunan, gürcüs. xalqların nümayəndələri var. Yeddi gözəl poemasında Azərbaycan xalqının milli-mənəvi dəyəri hesab olunan bu tolerantlıq elementlərinə rast gəlinir.

 

F.Hüseynzadə Nizami Gəncəvi İli ilə bağlı müxtəlif dövlət qurumları, eləcə də diasporumuz tərəfindən Azərbaycanda və xaricdə bir sıra tədbirlərin keçirildiyini, dahi mütəfəkkirin irsinin beynəlxalq səviyyədə tədqiq edildiyini də diqqətə çatdırır. Mədəniyyət NazirliyiMilli Kitabxananın Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirdiyi Milli-mənəvi dəyərlərimizin Vətənə qayıdışı layihəsindən söz açan müəllif qeyd edir ki, layihə çərçivəsində dünyanın milli kitabxanalarında və muzeylərində mühafizə edilən Nizami Gəncəvi irsinə dair əlyazmaların müəyyən olunaraq elektron və kağız nüsxələrinin surətləri ölkəmizə gətirilir. Nizami irsi daim aktualdır. Dahi şairin irsinə aid əlyazmaların üzə çıxarılması Azərbaycan mədəniyyətinin öyrənilməsi, milli-mədəni dəyərlərin təbliği işində xüsusilə əhəmiyyət kəsb edir.

 

Bukharian Times qəzeti ABŞ-a köçmüş Buxara yəhudilərinin qəzetidir. 1996-cı ildən Nyu-Yorkda nəşr olunan həftəlik qəzetdə materiallar əsasən rus dilində, həmçinin ingilis, yəhudi-tacik özbək dillərində dərc edilir.

 

 

Mədəniyyət.- 2021.- 11 iyun.- S.8.