Xalq artisti Ramiz Əzizbəyli vəfat edib

 

Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Xalq artisti, tanınmış aktyor, kinorejissor Ramiz Əzizbəyli iyunun 9-da, 73 yaşında dünyasını dəyişib.

 

Ramiz Hacıağa oğlu Əzizbəyli 1948-ci il iyulun 20-də Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsini bitirib. “Azərbaycanfilm” kinostudiyasında çalışıb.  “Bəyin oğurlanması”,  “İşarəni dənizdən gözləyin”, “Bağ mövsümü”, “Qanlı zəmi”, “Qəm pəncərəsi” s. filmlərdə, “Mozalan” kinosüjetlərində, televiziya tamaşalarında yaddaqalan rollar oynayıb. Bir çox filmlərin səsləndirilməsində iştirak edib. Filmoqrafiyasına 100-ə yaxın ekran əsəri daxildir.

 

1987-ci ildə “Debüt” studiyasında çəkdiyi “Pirverdinin xoruzu” qısametrajlı bədii filmi ilə rejissorluq fəaliyyətinə başlayıb. Film Kiyev şəhərində keçirilən Ümumittifaq festivalında rejissor debütünə görə mükafata layiq görülüb. Ramiz Əzizbəylinin 1991-ci ildə çəkdiyi “Bəxt üzüyü” tammetrajlı bədii filmi kino tariximizdə ən baxımlı ekran əsərlərindən biridir. Film Daşkənddə keçirilən Asiya Latın Amerikası ölkələrinin kinofestivalında xüsusi diploma layiq görülüb. Rejissorun “Yalan” bədii filmində (2006) Birinci Qarabağ müharibəsində şəhid vermiş bir ailənin yaşantıları, müharibənin insan həyatına təsiri əks olunub.

 

Ramiz Əzizbəyli Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində dərs deyib, Estrada musiqili teatr rejissorluğu kafedrasının müdiri olub.

 

Ramiz Əzizbəyli Azərbaycan kino sənətinin inkişafında xidmətlərinə görə 2000-ci ildə respublikanın “Əməkdar artist”i, 2008-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 2018-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub.

 

***

 

Xalq artisti iyunun 10-da paytaxtın “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.

 

Sənətkarın məzarı üzərinə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın adından, Mədəniyyət Nazirliyinin digər qurumların adından əklillər qoyulub.

 

Dəfn mərasimində mədəniyyət xadimləri, sənətkarın dostları  iştirak ediblər.

 

Əməkdar incəsənət xadimi Cəmil Quliyev: “Ramiz Əzizbəylinin çəkdiyi filmlər özünəməxsus dəst-xətti ilə, rejissor yozumu ilə seçilirdi. Yaddaqalan, Azərbaycan kinosunda duzlu yumoru ilə seçilən rollar yaratmışdı. Dublyajın mahir ustası idi. Hansı işi öz üzərinə götürürdüsə, onu çox istedadla, məharətlə yaradırdı. Onun çəkdiyi filmlər, yaratdığı obrazlar hər zaman Azərbaycan tamaşaçısının yaddaşında qalacaq”.

 

Xalq artisti Valeh Kərimov: “Ramiz böyük istedad idi. Təkcə yaxşı rejissor yox, həm gözəl aktyor idi. Epizodik rollara çəkilirdi, ancaq yenə yadda qalırdı. Dublyaj sənətində öz sözünü demişdi. Onun elə dublyajları var ki, aktyorun ifasından çox onun səsi rol oynayır”.

 

Əməkdar artist Elxan Qasımov: “Ramizin itkisi ağırdır, amma biz yaşda insanlar dünyamızı dəyişsək , arxadan cavanlar gəlir. Onlar Azərbaycan kinosunu, Azərbaycan sənətini ölməyə qoymayacaqlar. Bu örnəklərdən biri Ramiz Əzizbəyli idi”.

 

Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2021.- 11 iyun.- S.5.