Heç bir millətin əfqan xalqı kimi iztirab çəkdiyini görmədim”

 

Rza Diqqəti qırx il əvvəl çəkdiyi fotoşəkilləri təqdim edib

 

 

 

İçərişəhərdəki  Maqsud İbrahimbəyov yaradıcılıq Mərkəzində Fransada yaşayan Azərbaycan əsilli fotoqraf Rza Diqqətinin Əfqanıstan silsiləsindən olan fotoşəkillərinin təqdimatı keçirilib. Təqdimat iyunun 14-də Latviyanın Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə reallaşan  Peace be upon youSalam aleykum” layihəsi çərçivəsində reallaşıb.

Yaradıcılıq mərkəzinin direktoru Anna İbrahimbəyova iştirakçıları salamlayaraq tədbirin əhəmiyyətini yüksək qiymətləndirib.

 

Tədbirdə Latviyanın ölkəmizdəki səfiri Daynis Qarançs, Latviyanın keçmiş müdafiə naziri Raimons Bergmanis və başqaları çıxış edərək ötən əsrin 70-80-ci illərində Əfqanıstanda kənar qüvvələrin müdaxiləsi ilə baş verən vətəndaş müharibəsindən söhbət açaraq bu hadisələrin dünyaya çatdırılmasında Rza Diqqətinin böyük xidmətlərini qeyd ediblər.

 

Rza Diqqəti peşəkar karyerasının 40 il əvvəl başladığını və ötən müddət ərzində dünyada gedən hərbi toqquşmalarda gördüklərini lentə köçürdüyünü bildirib. Fotoqraf Əfqanıstanda olarkən çəkdikləri fotoları nümayiş etdiribonlar haqqında məlumat verib.

Bildirib ki, o, Əfqanıstanda hərbi əməliyyatlar zamanı orada insanların hansı şəraitdə yaşadığını fotokameranın yaddaşına köçürüb. Ən çox qadın və uşaqların düşdükləri durumu dünyaya çatdırmağa çalışıb: “Mən heç bir millətin əfqan xalqı kimi iztirab çəkdiyini görmədim. Qışın soyuğunda ayaqyalın uşağı kadra almaq məni çox kədərləndirdi”.

Tədbirin ikinci hissəsində tanınmış tarixçi, tədqiqatçı Fuad Axundov Qarabağın məşhur şəxsiyyətləri haqqında danışıb.

 

 

Mədəniyyət.- 2021.- 18 iyun.- S.8.