“Tarixi səhnə”də xatırlanan anlar

 

 

Artıq bir neçə müddətdir ki, “Mədəniyyət” kanalı ölkənin əsas konsert salonu olan  Heydər Əliyev Sarayının 50 illiyi münasibətilə “Tarixi səhnə” adlı layihəni təqdim edir. Layihənin növbəti qonağı Xalq artisti İlham Namiq Kamal olub. Sənətkar sarayın səhnəsində çıxışları, bu səhnədə yaşadığı ən gözəl xatirələri dilə gətirib.

 

“Möhtəşəm Heydər Əliyev Sarayı... Bu sarayın özünəməxsus işığı, nuru var” deyən Xalq artisti bu məkanda ilk çıxışının 1974-ci il mayın 31-də olduğunu xatırlayır: “Azərbaycan Teatrının 100 illik yubileyi ilə əlaqədar təşkil edilən tədbirdə ulu öndər Heydər Əliyev iştirak edirdi. Bu, ömrümün unudulmaz anlarından biri kimi qəlbimdə yaşayır”.

 

Sənətkar deyir ki, Heydər Əliyev Sarayının, bu tarixi səhnənin bir sehri var bu sehrdə hər kəs özünü xoşbəxt hiss edir: “Burada Azərbaycan kinosunun 100 illiyinə həsr olunan tədbiri xatırlayıram. Həmin tədbirin ssenarisində Cahangir Aslanoğlu çox maraqlı nüansları qeyd etmişdi. Azərbaycan filmlərinin adlarından ibarət çox maraqlı bir monoloq yazmışdı ki, həmin monoloqu demək mənə qismət oldu... Yəqin ki, sənətsevərlər xatırlayar, sarayın qarşısında bir afişa var idi – “Mahnı. Yumor. Rəqs”. Bu konsert həmişə anşlaqla qarşılanırdı. Hacıbaba Bağırov, Hüseynağa Sadıqov, Gülşən Qurbanova, Telman Adıgözəlovla bu konsertlərdə tərəf-müqabil olmuşam. O dövrdə direktor Kərim Kərimov, rejissorlar Gülçöhrə Şəfiyeva Cahangir Aslanoğlunun burada hazırladığı gecələri xatırlamamaq mümkün deyil”.

 

“Tarixi səhnə”  ilə bağlı ən duyğusal xatirələrini bölüşən aktyor yaradıcılığında mühüm mərhələ olan, tamaşaçılar tərəfindən sevilən və yaddaşlarda qalan “Dadaşbala əməliyyatı” tamaşasının Heydər Əliyev Sarayında 6 dəfə anşlaqla nümayişindən də söz açır: “Tamaşaçılar bu səhnədən tamaşanı sevə-sevə izlədi və o bütün Azərbaycanda məşhur oldu. Cahangir Aslanoğlu və Həsənağa Qurbanovun “Qarğa, məndə qoz var” musiqili komediyasının da  premyerası bu səhnədə olmuşböyük maraqla qarşılanmışdı. Düşünürəm ki, bu səhnədə çıxış etməyin bir xofu vardı, bu məsuliyyətin öhdəsindən hər zaman yalnız peşəkar sənət insanı gələ bilər”.

 

Xalq artisti deyir ki, ulu öndər Heydər Əliyevin mədəniyyətimizə göstərdiyi diqqət və qayğı, dəfələrlə bu sarayda sənət xadimləri ilə görüşləri bu ocağı daha da işıqlı edirdi: “Ulu öndər yumoru çox sevirdi. Hər il burada dövlət tədbirlərindən, partiya plenumlarından sonra bədii hissə təşkil edilirdi.  Ulu öndər  deyirdi ki, konsert proqramına yumor da daxil edilsin. Salam Qədirzadə, Cahangir Aslanoğlu  konsertlər üçün yumor parçaları yazardılar. Çox maraqla qarşılanırdı”.

 

Vaxtilə rəhbərlik etdiyi “İlham” Miniatür Teatrı ilə birlikdə sarayın baş redaktoru rejissoru Cahangir Aslanoğlunun 75 illik yubileyinin keçirilməsini xatırlayan sənətkar mədəniyyət naziri olan Polad Bülbüloğlunun həmin tədbirdə çıxışını yada salır.

 

Bütün veriliş boyu xatirələrini böyük sevgi ilə dilə gətirən İlham Namiq Kamal bildirir ki, gələn il Heydər Əliyev Sarayının 50 illik yubileyi qeyd ediləcək. Bu yubileydə hər bir sənət adamının deməyə sözü olacaq.

 

Veriliş boyu aktyorun sarayın səhnəsindəki çıxışlarından videolentlər təqdim olunub.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2021.- 18 iyun.- S.5.