Böyük qayıdışdan milli qurtuluşa

Milli Qurtuluş Günü münasibətilə bölgələrdə fəaliyyət göstərən mədəniyyət müəssisələrində müxtəlif tədbirlər, təqdimatlar keçirilib.

 

Kürdəmir Regional Mədəniyyət İdarəsinin Kürdəmir rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz mövzusunda mühazirə keçirilib. Mərkəzdə təşkil olunan digər tədbirdə regional idarənin rəisi Faiq Xudanlı, 2016-cı ilin Aprel döyüşlərinin şəhidi Əbubəkr İsmayılovun anası Rəna İsmayılova, 2020-ci il Vətən müharibəsinin şəhid giziri Cəmil Həşimlinin anası Simuzər Bağıyeva çıxış edərək xalqımızı Milli Qurtuluş Günü münasibətilə təbrik ediblər. Beyləqan rayon Mədəniyyət Mərkəzində də tədbir keçirilib. Regional idarənin rəisi Faiq Xudanlı və Beyləqan RİH başçısının müavini Yeganə Məmmədova ulu öndərin abidəsi önünə tər güllər düzüblər. Tədbir iştirakçıları rəsm və əl işlərindən ibarət sərgiyə, ümummilli liderin həyat və fəaliyyətini əks etdirən kitab sərgisinə baxıblar. Bundan əlavə, İmişli rayon Mədəniyyət Mərkəzində Sən elə bir zirvəsən..., Xocavənd rayon Mədəniyyət evində Heydər Əliyev ideyaları əbədidir adlı tədbirlər təşkil edilib. Füzuli rayon Mərkəzi kitabxanasında isə kitab sərgisi açılıb.

 

Biləsuvar Regional Mədəniyyət İdarəsi Salyan rayon Mərkəzi kitabxanasında Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsidir adlı tədbir keçirilib. Salyan rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Azadlığa gedən yol qurtuluşdan başlayır adlı onlayn tədbir keçirilib. Cəbrayıl Salyan rayon MKS-ləri isə əlamətdar günlə bağlı videoçarxlar hazırlayıblar.

 

İsmayıllı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Milli mədəniyyətimizin inkişafında Heydər Əliyevin rolu mövzusunda onlayn konfrans və Xəmsə intellektual oyunu keçirilib. Regional idarənin rəisi Elçin Nəcəfov, idarənin əməkdaşları, Qəbələ, Şamaxı və İsmayıllı rayon Heydər Əliyev mərkəzlərinin direktorları konfransda iştirak ediblər. Həmçinin İsmayıllı şəhərindəki Heydər Əliyev adına parkda Milli Qurtuluş Günü münasibətilə sərgi nümayiş olunub, musiqi nömrələri səsləndirilib.

 

Ağstafa Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Ağstafa, Tovuz, Qazax rayonlarında açıq havada sərgilər keçirilib. Sərgilərdə ulu öndərin zəngin həyat və fəaliyyətini əks etdirən kitablar, uşaqların rəsmləri, eləcə də muzey eksponatları nümayiş etdirilib. Ağstafa rayon Heydər Əliyev Mərkəzi, Mədəniyyət Mərkəzi, Tarix-Diyarşünaslıq və Hüseyn Arif ev-muzeyləri, MKS və filialları, Tovuz rayon Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi, MKS, Qovlar şəhər və Düz Qıraqlı kənd musiqi məktəbləri, Qazax rayon Mədəniyyət Mərkəzinin filialları, Tarix-Diyarşünaslıq Muzeyi, rayon MKS və 1 nömrəli Uşaq musiqi məktəbi Milli Qurtuluş Gününə həsr edilmiş müxtəlif tədbirlər təşkil ediblər.

 

Lənkəran Regional Mədəniyyət İdarəsinin rəhbərliyi ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində yerləşən abidəsini ziyarət edib. Daha sonra tədbir iştirakçıları Lənkəran şəhər Heydər Əliyev Mərkəzində dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Regional idarənin təşkilatçılığı ilə Lənkəran Dairəvi qalasında iməcilik təşkil edilib. H.Rzayeva adına Lənkəran şəhər 2 nömrəli Uşaq musiqi məktəbində əlamətdar günlə bağlı tədbir keçirilib.

 

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Şuşa rayon Malıbəyli kənd Uşaq musiqi məktəbində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə görüş keçirilib. Komitə sədri Milli Qurtuluş Gününün müstəqillik tariximizdəki yerindən söhbət açıb.

 

Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov, idarənin əməkdaşları və tabe müəssisələrin rəhbərləri Xaçmaz şəhərindəki Heydər Əliyev adına istirahət parkında ümummilli liderin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər. Regional idarənin təşkilatçılığı ilə açıq havada rəsm sərgisi təşkil olunub. Quba rayon MKS-nin Oxuculara xidmət şöbəsi, Alpan, Aşağı Xuc və Əski İqriq kənd kitabxanaları tərəfindən tədbir keçirilib. Siyəzən rayon Heydər Əliyev Mərkəzində məktəblilərin əl işlərindən ibarət sərgi açılıb.

 

Şəki Regional Mədəniyyət İdarəsi Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Milli Qurtuluş Gününə həsr olunmuş qısa film nümayiş olunub. Balakən rayon Heydər Əliyev Mərkəzi, Mədəniyyət Mərkəzi, rayon MKS, Zaqatala rayon Mədəniyyət Mərkəzi, Heydər Əliyev Mərkəzi, Üçüncü Tala kənd Mədəniyyət evi, Dağlı kənd kitabxanası və Oğuz rayon MKS-nin Baş Daşağıl kənd kitabxana filialında da əlamətdar günlə bağlı tədbirlər keçirilib.

 

Ağdaş Regional Mədəniyyət İdarəsi Zərdab rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə onlayn elmi-praktik konfrans keçirilib. Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova çıxışında ümummilli liderin qətiyyəti və müdrikliyi sayəsində müstəqilliyimizin qorunduğunu və Azərbaycanın sürətli inkişaf yoluna qədəm qoyduğunu diqqətə çatdırıb.

 

Sabirabad Regional Mədəniyyət İdarəsi Sabirabad rayon Mədəniyyət Mərkəzində əlamətdar günlə bağlı onlayn tədbir keçirilib. Mərkəzin nəzdində fəaliyyət göstərən Kristal rəqs qrupunun çıxışı ilə başlayan tədbirdə müğənnilər Sərxan BaxşiyevŞamil Ağayev vətənpərvərlik ruhlu mahnılar oxuyublar. Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Yeni Güdəcühür qəsəbə Klub-icma mərkəzində Qurtuluş tariximizin unudulmaz səhifəsi adlı tədbir keçirilib. Tədbir çərçivəsində videoçarx nümayiş etdirilib və sərgiyə baxış olub.

 

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər F.Əmirov adına 1 nömrəli Uşaq musiqi məktəbində keçirilən bayram tədbirində məktəbin nəfəsli alətlər və sazçalanlar ansamblları çıxış ediblər. Gəncə şəhər Mədəniyyət Mərkəzi, Mərkəzi kitabxananın Uşaq şöbəsi, 11, 16, 19 və 24 nömrəli kitabxana filialları, Heydər Əliyev Mərkəzi, Goranboy Rayon Tarix-Diyarşünaslıq Muzeyi, Heydər Əliyev Mərkəzi, Dövlət Rəsm Qalereyası, MKS-nin Uşaq şöbəsi, Samux rayon Heydər Əliyev Mərkəzi, Mədəniyyət Mərkəzi, Mərkəzi kitabxananın Uşaq şöbəsi, Kəlbəcər rayon Mərkəzi kitabxanası da Milli Qurtuluş Günü ilə bağlı müxtəlif tədbirlər təşkil ediblər.

 

Bərdə Regional Mədəniyyət İdarəsi tərəfindən Milli Qurtuluş Günü münasibətilə təşkil olunan tədbirdə idarənin rəisi İlyas Hacıyev, əməkdaşları və mədəniyyət işçiləri iştirak edib. Tədbir çərçivəsində Bərdə şəhərindəki Heydər Əliyev adına park-bulvarın ərazisində ulu öndərin abidəsi ziyarət edilib, önünə tər çiçəklər düzülüb, dahi rəhbərin əziz xatirəsi ehtiramla yad olunub.

 

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Heydər Əliyev və müasir güclü Azərbaycan OrdusuBöyük xilaskarlıq qayıdışı adlı tədbirlər keçirilib. Gənclərin İnkişafKaryera Mərkəzi Ağdam rayonu üzrə könüllülərinin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilib.

 

Şəmkir Regional Mədəniyyət İdarəsi Şəmkir Rayon Tarix-Diyarşünaslıq Muzeyində gerçəkləşən tədbirdə muzeyin baş fond mühafizi Sübhanə Hacıyeva Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarıdır mövzusunda çıxış edib. Regional idarənin Göygöl rayon üzrə nümayəndəliyinin təşkilatçılığı ilə videokonfrans keçirilib. Daşkəsən rayon Heydər Əliyev Mərkəzi və rayon MKS də əlamətdar günlə bağlı tədbirlər təşkil ediblər.

 

Masallı Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və mədəniyyət işçiləri ümummilli liderin şəhərin mərkəzindəki abidəsini ziyarət ediblər. Masallı rayon Heydər Əliyev Mərkəzinin inzibati binasının qarşısında Doğma yurdum Azərbaycan adlı istedadlı yeniyetmə və gənclərin açıq havada sərgi-pleneri təşkil edilib. R.Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində rayon Uşaq-gənclər inkişaf mərkəzinin müəllim və şagirdləri üçün ekskursiya aparılıb, rayon 4 saylı tam orta məktəbin 5-ci sinif şagirdlərinə tarix dərsi keçirilib. Yardımlı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı, rayonun Köryədi kənd tam orta məktəbi şagirdlərinin iştirakı ilə tədbir keçirilib. Cəlilabad rayon Mədəniyyət Mərkəzinin tabeliyində olan şəhər 2 saylı klubun kollektivi Qurtuluş yolu adlı onlayn konsert proqramı təqdim edib. Masallı rayon Mədəniyyət Mərkəzi, şəhər Onbirillik incəsənət məktəbi, Yardımlı rayon Heydər Əliyev Mərkəzi və Cəlilabad Rayon Tarix-Diyarşünaslıq Muzeyi də əlamətdar günlə bağlı tədbirlər keçiriblər.

 

NURƏDDİN

 

Mədəniyyət.- 2021.- 18 iyun.- S.3.