Bakı Şəhər Mədəniyyət Baş İdarəsi nümayəndə heyətinin Ukraynaya səfəri başa çatıb

 

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi nümayəndə heyəti iyunun 15-dən 21-dək Ukraynada səfərdə olub.

 

Nümayəndə heyəti Kiyevdə bir sıra görüşlər keçirib. Kiyev Şəhər Dövlət Administrasiyasının mədəniyyət və təhsil üzrə sədr müavini Valentin Mondriyevski ilə görüşdə iki ölkə arasında mədəni əlaqələrin, dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub. Valentin Mondriyevski qeyd edib ki, 1997-ci ildə Kiyev və Bakı şəhərlərinin qardaşlaşması haqqında sənəd imzalanıb.

 

Baş idarənin rəisi Cəlil Məlikov öz növbəsində Azərbaycanla Ukrayna arasında dostluq və qardaşlıq münasibətlərinin 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı informasiya mübarizəsində özünü bir daha göstərdiyini qeyd edib və dəstəyə görə ukraynalılara minnətdarlığını bildirib. Kiyevin mədəniyyət müəssisələri ilə tanışlıq imkanına görə də təşəkkür edən C.Məlikov bu görüşlərin təcrübə mübadiləsi və gələcək əməkdaşlıq baxımından qarşılıqlı faydalı olduğunu söyləyib.

 

Kiyev Şəhər Şurasının deputatları ilə görüşdə əməkdaşlıq və yeni layihələrlə bağlı fikir mübadiləsi aparılıb.

 

Nümayəndə heyəti R.M.Qliyer adına Kiyev Bələdiyyə Musiqi Akademiyası, Kiyev Bələdiyyə EstradaSirk Sənəti Akademiyası, M.İ.Verikovski adına 2 nömrəli Kiyev Uşaq incəsənət məktəbində də olub. Musiqi Akademiyasının rektoru Aleksandr Zlotnik ilə görüş zamanı Cəlil Məlikov baş idarənin tabeliyində olan musiqi və incəsənət məktəblərinin fəaliyyətindən danışıb. Kiyev Bələdiyyə EstradaSirk Sənəti Akademiyasında görüş zamanı rektor Aleksandr Yakovlev qonaqlara təhsil ocağının fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Baş idarənin rəisi Cəlil Məlikov Azərbaycanda estrada, sirk sənətlərinə marağın böyük olduğunubu sahədə peşəkar kadrların hazırlanması istiqamətində əməkdaşlığın zəruriliyini vurğulayıb.

 

Nümayəndə heyətinin Odessa şəhərində də bir sıra görüşləri olub. Qonaqlar Odessa şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Uşaq kitabxanasına, Mərkəzi Şəhər Kitabxanasına, E.Gilels adına 1 nömrəli Musiqi məktəbinə, Odessa Teatr Məktəbinə və Odessa 1 nömrəli İncəsənət məktəbinə baş çəkiblər.

 

Nümayəndə heyəti Odessa şəhərində Azərbaycan diasporununBirlikofisi – Azərbaycan Evinin açılışına qatılıb. Cəlil Məlikov mərasimdə çıxış edərək Azərbaycan və Ukrayna arasında mədəni əlaqələrin inkişaf etdiyini və Bakının mədəniyyət müəssisələri təmsilçilərinin səfəri zamanı bu əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparıldığını vurğulayıb. O, Ukraynanın mədəniyyət mərkəzi kimi tanınan Odessada Azərbaycan Evinin açılmasını bu şəhərdə ölkəmizin mədəni irsinin tanıdılmasına böyük töhfələr verəcəyinə inandığını bildirib.

 

Odessadakı E.Gilels adına 1 nömrəli Musiqi məktəbində görüş zamanı tədris ocağının keçirdiyi beynəlxalq onlayn festival haqqında məlumat verilib və gələcəkdə Bakı məktəblilərinin bu müsabiqədə iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb. Nümayəndə heyəti məktəbdə E.Gilelsin elektron muzeyi ilə də tanış olub. Teatr məktəbində uşaqların təlimi haqqında təcrübənin Bakıda uşaq incəsənət  məktəblərində tətbiqi nəzərdə tutulub. 1 nömrəli İncəsənət məktəbində tədris proqramları, müəssisənin strukturu müzakirə olunub və mədəniyyətin bir çox istiqamətləri üzrə Odessa təcrübəsinin tətbiqi məsələsi diqqətə alınıb.

 

Bununla da Bakı Şəhər Mədəniyyət Baş İdarəsi nümayəndə heyətinin Ukraynaya səfəri başa çatıb.

 

Mədəniyyət.- 2021.- 23 iyun.- S.1;2.