Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradılıb

 

Azərbaycanın mədəniyyət paytaxtı haqqında qanun qüvvəyə minib

 

 

Prezident İlham Əliyev iyunun 22-də Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında Fərman imzalayıb.

 

Fərman Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri haqqında Azərbaycan Respublikası Qanununun müvafiq maddəsi nəzərə alınaraq imzalanıb. Qanunun 1.2-ci maddəsinə görə, Şuşa Şəhəri Dövlət Qoruğu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarə edilir.

 

Fərmana əsasən, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi publik hüquqi şəxs yaradılıb.

 

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin fəaliyyətinə rəhbərliyi 3 üzvdən (sədr və iki müavin) ibarət İdarə Heyəti həyata keçirəcək.

 

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb dövlət başçısına təqdim etmək, eləcə də Nazirlər Kabinetinin özünün normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

 

Nazirlər Kabineti, həmçinin Şuşa şəhərinin ərazisində yerləşən dövlət mülkiyyətində olan abidələrin, tikililərin (o cümlədən dövlət mənzil fonduna daxil olan tikililərin), yaşayış və qeyri-yaşayış sahələrinin, habelə şəhər avtomobil yollarının, şəhər mərkəzinin məhəllədaxili yollarının, küçələrin, keçidlərin, yol qurğularının və digər nəqliyyat infrastrukturunun üç ay müddətində İdarənin balansına verilməsini təmin etməlidir.

 

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi həyata keçirəcək.

 

Fərmanla, həmçinin Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi təsdiq edilib.

 

Nizamnaməyə əsasən, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi şəhərin ərazisində yerləşən abidələrin bərpasının, qorunmasının, öyrənilməsinin, istifadəsinin və təbliğinin təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

 

İdarənin fəaliyyət istiqamətlərinə Şuşa şəhərinin ərazisində yerləşən abidələrin həcm-planlaşdırma quruluşunun qorunmasını və toxunulmazlığını, habelə bərpasını, öyrənilməsini, məqsədyönlü istifadəsini təmin etmək; müvafiq ərazidə mədəniyyət fəaliyyətini və mədəniyyət xidmətlərini təşviq etmək; Şuşa şəhərinin tarixi, mədəni, turizm və istirahət (rekreasiya) potensialından tam yararlanmaq üçün əlverişli şərait yaratmaq və digər məsələlər daxildir.

 

İdarənin vəzifələri aşağıdakılardır: abidələrin dövlət mühafizəsini və qorunmasını təşkil etmək; abidələrin funksional təyinatına uyğun istifadə edilməsini, habelə tarixi-memarlıq və bədii-estetik görünüşünün toxunulmazlığını və uzunömürlülüyünü təmin etmək;

 

abidələrin mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə abidələrin qorunmasına dair mühafizə müqavilələri bağlamaq; konservasiya mühafizə dərəcəsi olan daşınmaz mədəni sərvətlərdən məhdud dairədə istifadə olunmasına nəzarət etmək və s.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 31 may 2021-ci il tarixində qəbul olunan Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri haqqında qanun dövlət başçısı tərəfindən imzalanıb və 22 iyun tarixində rəsmi mətbuatda dərc olunaraq qüvvəyə minib.

 

Prezident İlham Əliyev iyunun 22-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri haqqında Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 338-VIQ nömrəli Qanununun tətbiqi barədə Fərman imzalayıb.

 

Fərmana əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri haqqında Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Qanunun müvafiq maddəsinə uyğun olaraq, Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının sərhədlərini müəyyənləşdirib təsdiq etmək, qoruğun mühafizə zonasının mühafizə rejimini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etmək, Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması, habelə təhlükənin aradan qaldırılması tədbirlərini, onların həyata keçirilməsi qaydasını və müddətini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək və digər məsələlər də Nazirlər Kabinetinə tapşırılıb.

 

Qeyd edək ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri haqqında Azərbaycan Respublikasının Qanunu 15 maddədən ibarətdir.

 

Qanun Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 may tarixli 2632 nömrəli Sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərinin qorunmasının, bərpasının, öyrənilməsinin, inkişafının və təbliğinin hüquqi və təşkilati əsaslarını müəyyən edir.

 

Şuşa Şəhəri Dövlət Qoruğunun yaradılması qanunun 1-ci maddəsində əksini tapıb.

 

Qanunun 2-ci maddəsinə əsasən, Şuşa Şəhəri Dövlət Qoruğunun ərazisini şəhərin inzibati sərhədləri daxilində yerləşən torpaq sahələri təşkil edir. Şuşa şəhərinin inzibati sərhədlərinə bitişik yerləşən və onunla təbii-landşaft, sosial, tarixi, mədəni və ya təsərrüfat bağlılığı olanya Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizəsi, qorunması və ya inkişafı üçün əhəmiyyətə malik olan ərazilərdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən mühafizə zonasının sərhədləri müəyyən edilir.

 

Şuşa şəhərində dövlət siyasətinin əsas istiqamətləri (maddə 3) aşağıdakılardır:

 

Şuşa şəhərinin bərpasını, yenidən qurulmasını, öyrənilməsini, inkişafını və təbliğini təmin etmək;

 

Şuşa şəhərində yerləşən tarix və mədəniyyət abidələrinin həcm-planlaşdırma quruluşunun qorunmasını və toxunulmazlığını, habelə bərpasını, öyrənilməsini, məqsədyönlü istifadəsini təmin etmək;

 

Şuşa şəhərində effektiv dövlət idarəetməsinin təşkili və tətbiqini təmin etmək, şəhər həyatının bütün sahələrində innovativ həllərdən istifadəni dəstəkləmək;

 

Şuşa şəhərinin tarixi, mədəni, turizm və istirahət (rekreasiya) potensialından tam yararlanmaq üçün əlverişli şərait yaratmaq;

 

Şuşa şəhərinin ərazisində sahibkarlıq fəaliyyətinin canlanmasını və inkişafını təmin etmək;

 

Şuşa şəhərinin ərazisində elmi-tədqiqat, ənənəvi sənətkarlıq və digər məşğuliyyət növlərinin inkişafnümayiş etdirilməsi üçün tədbirlər görmək;

 

Şuşa şəhərində mədəniyyət fəaliyyətini və mədəniyyət xidmətlərini təşviq etmək;

 

Şuşa şəhərinin beynəlxalq mədəni əlaqələrinin inkişafını təmin etmək, habelə şəhərin dünya tarixi-mədəni irsinin incilərindən biri kimi nüfuzunu möhkəmləndirmək.

 

Qanunda Şuşa şəhərinin ərazisində abidələrin bərpası, qorunması, öyrənilməsi, istifadəsi və təbliği (maddə 5) də ətraflı əks olunub.

 

Müvafiq maddəyə əsasən, Şuşa şəhərinin ərazisində abidələrin tarixi-memarlıq və bədii-estetik görkəminin dəyişdirilməsi, abidələrin uçurulması və ya onlar üçün təhlükə yarada biləcək hər hansı fəaliyyətin həyata keçirilməsi qadağandır.

 

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vəzifəli şəxslərə, fizikihüquqi şəxslərə Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı yazılı göstərişlər verə bilər. Yazılı göstərişə əməl edilmədikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) göstərişdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin edir və çəkilmiş xərcləri, habelə dəymiş zərərin əvəzini göstərişi icra etməmiş şəxslərdən tələb edir.

 

Şuşa şəhərinin ərazisində abidələrin öyrənilməsi və arxeoloji qazıntıların aparılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə həyata keçirilir. Belə razılıq verilərkən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınır.

 

Şuşa şəhərinin ərazisində arxeoloji qazıntılar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) nəzarəti ilə aparılır. Arxeoloji qazıntılar abidələrə zərər yetirilmədən aparılmalıdır. Arxeoloji qazıntılar zamanı aşkar edilən abidə, əşya və ya başqa tapıntının koordinatları və vəziyyəti qazıntı işlərinin təşkilatçısı tərəfindən qeyd edilməli, fotosuya videosu çəkilməlidir. Bu işlərin gedişində aşkar edilən arxeoloji materiallar dövlət mülkiyyəti hesab olunur.

 

Dünya əhəmiyyətli abidələr istisna olmaqla, dövlət mülkiyyətində olan digər abidələr və ya onların hissələri Şuşa şəhərinin Baş planına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən, xüsusi mülkiyyətdə olan abidələr və ya onların hissələri isə elmi, mədəni, dini, xidmət və turizm məqsədləri üçün onların istifadə məqsədlərini və xüsusiyyətlərini müəyyənləşdirən istifadə proqramı, uyğunlaşdırma və bərpa layihələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumla razılaşdırıldıqdan sonra icarəyə (istifadəyə) verilə bilər. Mülkiyyətində abidələr olan hüquqifiziki şəxslər abidələri və ya onların hissələrini digər məqsədlər üçün icarəyə (istifadəyə) verdikdə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməlidir.

 

Şəhərin ərazisində yerləşən abidələri və ya onların ayrı-ayrı hissələrini icarəyə (istifadəyə) götürən fizikiya hüquqi şəxslər onların həcm kompozisiyasını, xarici görünüşünü, konstruktiv elementlərini dəyişdirməməli, istismar zamanı abidələrə zərər vurmamalı və təsərrüfat işləri zamanı arxeoloji abidələrdə mədəni təbəqənin korlanmasına yol verməməlidir.

 

Şuşa şəhərinin ərazisində Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dünya təbii və mədəni irs siyahısına daxil edilmiş, həmçinin milli mədəni və təbii irsə aid dövlət mülkiyyətində olan abidələrin özəlləşdirilməsinə yol verilmir. Yerli əhəmiyyətli abidələrin özəlləşdirilməsinə yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın razılığı əsasında Dövlət əmlakının özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yol verilir.

 

Xüsusi mülkiyyətdə olan abidələr satıldıqda dövlət onları almaqda üstün hüquqa malikdir.

 

Şəhərin ərazisində abidələr ilə bağlı bu qanunla tənzimlənməyən məsələlər Tarix və mədəniyyət abidələrinin qorunması haqqında qanunu ilə tənzimlənir.

 

Mədəniyyət.- 2021.- 23 iyun.- S.1;2.