Cahangir Cahangirov yaradıcılığının daha geniş tədqiqata ehtiyacı var

 

İyunun 22-də Azərbaycan Milli Konservatoriyasında (AMK) görkəmli bəstəkar, Xalq artisti Cahangir Cahangirovun 100 illiyinə həsr olunmuş onlayn elmi-praktik konfrans keçirilib.

 

Onlayn konfransda AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi sənətkarın yaradıcılığı barədə danışıb. 1940-cı illər Azərbaycandakı musiqi yaradıcılığı mənim üçün hər zaman böyük maraq kəsb etmişdirCahangir Cahangirov musiqisi bu maraq içərisində xüsusi yerə sahibdir. Onun əsərləri daim səslənir, eşidilir və əbədiyaşardır. Hesab edirəm ki, C.Cahangirov yaradıcılığının daha böyük diqqət və tədqiqata ehtiyacı vardır, - deyə o söyləyib.

 

Milli Konservatoriyanın elmi işlər üzrə prorektoru, Əməkdar incəsənət xadimi Lalə Hüseynova C.Cahangirov yaradıcılığında Cənub səhifələri mövzusunda çıxış edib. O, bəstəkarın 1941-46-cı illərdə Təbriz şəhərindəki yaradıcılıq fəaliyyətindən danışıb. Onun buradakı geniş yaradıcı fəaliyyəti, xor və digər musiqiçi qruplarla apardığı işlərdən söhbət açıb. Məruzəçi C.Cahangirov tərəfindən Təbrizdə yazılmış Demokratik Azərbaycanın Himni əsəri haqqında geniş məlumat verib, əsərin bir hissəsini ifa edərək konfrans iştirakçılarının diqqətinə çatdırıb. C.Cahangirov kimi böyük bəstəkarın yaradıcılığının geniş tədqiqata ehtiyacı olduğu bir daha vurğulanıb və Milli Konservatoriyada bu yöndə araşdırmalar aparılacağı qeyd edilib.

Konfransda AMK əməkdaşlarının çıxışları da dinlənilib.

 

 

Mədəniyyət.- 2021.- 25 iyun.- S.4.