Ustadlar ustadı

 

Aşıq Ələsgərə həsr olunmuş tədbir

 

 

Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağstafa rayon Mədəniyyət Mərkəzi və Azərbaycan Aşıqlar Birliyinin (AAB) birgə təşkilatçılığı ilə iyunun 22-də Aşıq Ələsgər 200 adlı onlayn tədbir keçirilib.

Tədbirdə çıxış edən regional idarənin rəisi Elbəy Əli Aşıq Ələsgərin Azərbaycan aşıq sənətindəki yerindən və rolundan söhbət açıb, saz-söz sənəti ilə bağlı bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı Aşıq Ələsgər sazının və sözünün qüdrətindən, yubileylə bağlı Aşıqlar Birliyinin indiyədək həyata keçirdiyi tədbirlərdən söz açıb. O, yubiley tədbirlərinin ilin sonunadək davam edəcəyini, Bakıda ustad sənətkarın abidəsinin ucaldılacağını bildirib.

Tibb üzrə fəlsəfə doktoru, Aşıq Ələsgər irsinin tədqiqatçısı Abbas Bağırov və Ağstafa rayon Mədəniyyət Mərkəzinin direktoru Leyla İsayeva da çıxışlarında ustad aşığın sənət yolu haqqında danışıblar.

Sonra söz aşıqlara verilib. Altay Məmmədli Aşıq Ələsgərin Mərd (Osmanlı divanisi), tədbirə Türkiyədən qatılan dövlət sənətçisi Aşıq Maksut Koca Fəryadi Yüküm (Anadolu divanisi), Əməkdar mədəniyyət işçisi Solmaz Kosayeva Yaylaq (Orta sarıtel), Ramin Qarayev Güləndam (Yüngül Şərili), Elbrus Hüseynov Ay Şəkər xanım (İncəgülü), təbrizli aşıq İsa Təbrizli Müşkünaz (Ovşarı), Şahniyar Mikayıloğlu Cilvələnibdi (Cəlili), Xavər Zəngilanlı Yetmədi (Ağır Şərili), Vüqar Qurbanov Öldürür (Mirzəcanı) və Elçin Rəşidoğlu Gördüm (Orta şəşəngi) şeirləri üstündə saz havalarını ifa ediblər.

Sonda Aşıq Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgər tədbirin təşkilatçılarına və çıxış edənlərə minnətdarlığını bildirib.

 

 

Mədəniyyət.- 2021.- 25 iyun.- S.4.