Nəcəf Rasimin sənət dünyası

Azərbaycan təsviri sənətinin XIX əsrin sonu XX əsrin əvvəllərində inkişaf mənzərəsini formalaşdıran rəssamların yaradıcılığı yeni bədii-estetik xüsusiyyətlərlə zəngin olmuşdur. Onların bu dövrdə Avroparus təsviri sənət ənənələri ilə tanışlığı Azərbaycan təsviri sənətinin realizm bədii prinsipləri ilə inkişafına ciddi təsir göstərmiş oldu. Bu mənada Qeysər Kaşiyeva-Seyidbəyli, Bəhruz bəy Kəngərli, Abbas Hüseyn, İbrahim Səfi, Əkbər Kazım (Muğan), Əzim Əzimzadə və Nəcəf Rasimin adlarını çəkmək olar.

 

Haqqında söz açacağımız dövrün adı ictimaiyyətə az məlum olan rəssamlarından biri də Nəcəf Rasim (Nəcəfqulu Məmmədəli oğlu Nəzərli) olmuşdur. Nəcəf Rasim (18991929) haqqında məlumat, demək olar ki, yox dərəcəsindədir. Oxuculara təqdim etdiyimiz qısa informasiya isə sənətşünas M.Nəcəfovun vaxtilə çətinliklə toplaya bildiyi faktlara əsaslanır. Elə rəssamın bizim dövrə gəlib çatmış bədii irsibir o qədər zəngin deyil. Sayı on beşə çatan qrafik mənzərələr hazırda Azərbaycan Milli İncəsənət Muzeyində qorunur...

 

Xızıda dünyaya göz açanilk təhsilini ailəsinin sonradan köçüb gəldiyi Bakıda molla məktəbində və Nəşr-maarif cəmiyyətinin təşkil etdiyi Üsuli-cədid məktəbində alan Nəcəfqulu 1910-cu ildə rəssamlıq sahəsində təhsil almaq üçün Peterburqa getmişdir. İki il orada sənətin sirlərinə yiyələnmişdir. Onun Rusiyanın Şimal paytaxtında hansı təhsil ocağında, yaxud şəxsi studiyada oxuduğu barədə də məlumatımız yoxdur. Amma bəllidir ki, maddi çətinliklər üzündən 1912-ci ildə təhsilini yarımçıq qoyub vətənə dönən gənc rəssam əvvəlcə Bakıda, sonra isə Xızıda müəllim işləmişdir. O zaman fanatizmin təsirində olan insanlar incəsənət və maarif sahəsindəki fəaliyyətinə görə Nəcəfqulunu Xızıdan qovmağa cəhd göstərsələr də, bu, ölkənin sovetləşməsi dövründə Xalq Maarif Komissarlığının keçirdiyi tədbirlərdə onun yaxından iştirakına və bir rəssam kimi yaradıcı potensialının əyaniləşməsinə, əslində, kömək etmişdir. O, Bakıda tərtibat işlərində, təbliğat tramvaylarının, tikililərin interyerinineksteryerinin bəzədilməsində əhəmiyyətli fəaliyyəti olanlardan biri idi. Onun sovet dönəmində məşhur İsmailiyyə binasının fasadı üçün ornamental yazı bəzəklərini işləməsi də məlum olan faktlardandır. Müasirləri Nəcəfqulunun çəkdiyi mənzərələri dost-tanışları arasında yaydığını da bildirirlər. Rəssam ömrünün son illərini Qubada yaşamış və orada da vəfat etmişdir.

 

Bəhruz Kəngərli kimi qısa ömür sürən Nəcəf Rasim yağlı və sulu boya ilə çəkdiyi əsərlərlə təsviri sənət tariximizdə qalmağa haqq qazandığını təsdiqləmiş rəssamlardandır. Əksəriyyəti etüd xarakterli olan bu mənzərələrdə gənc rəssamın incə müşahidə qabiliyyətinə malik olduğu görünməkdədir. Yelkənli qayıq, Günəşli hava, Çay kənarında, Kənddə, Aylı gecə, Məscid, Dəniz sahili, Kənd yolu, Payız, Dağlar, Kəndin payızı, Arzus. əsərlərində onun sulu boya texnikasının incəliyinə bələdliyi dəqiq duyulur.

 

Hər bir qrafik lövhədə rəssamın rənglərin parlaqlığını və təravətini qoruyub saxlaya bilməsini də bunun göstəricisi saymaq olar. Yelkənli qayıq, Aylı gecə və Günəşli hava əsərlərində dəniz motivinə müraciət edən müəllif kompozisiyaya daxil etdiyi ayrıntılar su, hava və qayıqlar arasında axıcı bir bədii əlaqə yarada bildiyindən görüntüyə gətirilənlər kifayət qədər cəlbedici və duyğulandırıcı təsir bağışlayır. Rəssamın gözümüzdə bir qədər də adiləşən məkanlara xüsusi diqqət yetirməsinin nəticəsidir ki, həmin yerlərin bələndiyi gözəllik işartıları yaddaqalan tutumda bədii görkəm almışdır...

 

Həyatının çox hissəsini kənddə təbiətin qoynunda keçirən Nəcəf Rasimin yaradıcılığında gəzib gördüyü və heyranlıqla tamaşa etdiyi yerlərin bədiiləşdirilməsi geniş yer tutur. Yəqin ki, bunu da təbii hesab etmək olar.

 

Rəssamın yurdun payızına, kəndə uzanan dolanbac yola, onu yarı bölən çaya, dini tikiliyə, sahili dağlı-bağlı dənizə heyranlığının ifadəsi olan müxtəlif tutumlu mənzərələrdə insanları necə bir bir gözəlliklə əhatələndikləri ilə bağlı xəbərdar etmək istəyi duyulur. Payız, Kənd yolu, Məscid, Kənddə, Dağlar, Çay kənarında və s. qrafik lövhələri bu qəbildəndir.

 

Qənaətimizcə, bu mənzərələrin təsirli görünməsinin kökündə onların hər birinin estetikasında rənglərlə tamaşaçısını duyğulandıra biləcək ovqat yaratmaq gücünün mövcudluğu durur. Yaradıcılığında realizm estetikasına tapınan rəssamın yuxarıda adlarını çəkdiyimiz əsərlərin bədii şərhində motivlərin inandırıcı təsvirinə üstünlük verməsi həm də müşahidə etdiyi təbiət gözəlliklərinin yaddaqalan obrazını yaratmaq istəyindən qaynaqlanır...

 

Ziyadxan ƏLİYEV

Əməkdar incəsənət xadimi, professor

 

Mədəniyyət.- 2021.- 25 iyun.- S.7.