Təsadüf nəticəsində heykəltəraş olan istedad

Müasir Azərbaycan heykəltəraşlığında öz yolunu tapan gənc tişə ustalarından biriElxan İsa oğlu Zeynalovdur. O, 11 aprel 1996-cı ildə Gəncə şəhərində anadan olub. Şəhərdəki M.Müşfiq adına 14 saylı tam orta məktəbdə oxuyub. Kiçik yaşlarından incəsənətə olan marağı və onu digər uşaqlardan fərqləndirən istedadı yaradıcı şəxs kimi formalaşmasında əsas amillərdən biri olur. 5-ci sinifdən Gəncə şəhər Uşaq yaradıcılıq mərkəzinə gedir, 8-ci sinifdən isə rəssam Yusif Hüseynovun emalatxanasında sənətin sirlərini öyrənir.

2014-cü ildə orta məktəbi bitirən Elxan İsa oğlu Zeynalov Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına rəngkarlıq ixtisası üzrə imtahan verir. Böyük uğurla nəticələnən imtahan sonrası ixtisas seçimində yaranan yanlışlıq nəticəsində həmin fakültədə təhsil ala bilmir və heykəltəraşlıq ixtisasına qəbul olur. Beləliklə, həyat Elxan Zeynalovu təsadüflər nəticəsində gələcəkdəki uğur və nailiyyətlərlə dolu fəaliyyətinə addım-addım aparır.

İlk başda ona çətin olacağını düşünsə də, bu sahəyə onda yaranan maraq, istək və inamı sayəsində uğurlar əldə edir. Gənc heykəltəraş bakalavr təhsilini Xalq rəssamı, professor Tokay Məmmədovun emalatxanasında alır. Tokay Məmmədovdan savayı, Əməkdar rəssam Azad Zeynalov, gənc heykəltəraş Nurlan Məmmədovdan dərslər alır, bir çox sərgilərdə uğurla iştirak edir. Bakalavr təhsilini başa vuran heykəltəraş diplom işi olaraq İmadəddin Nəsimi obrazını seçir. Elxan Zeynalov dahi şairimizin heykəlini yaradarkən üzərində necə böyük məsuliyyət hissi olduğunu dərk edərək, müxtəlif eskizlər hazırlayıb təqdim edir. Hazırladığı eskizlərdən biri təsdiqlənərək seçilir. O, dahi şairin həyat və yaradıcılığının kulminasiya anını seçərək, Nəsimini əlləri bağlı şəkildə edam kürsüsünə gedərkən təsvir edir. Mükəmməl plastika ilə hazırlanan obrazın simasında onun həyatının bütün mərhələlərini əks etdirən təsirli bir süjet ərsəyə gətirir. Şairin obrazı gərgin dinamika, ekspressiya ilə tamaşaçıya təqdim olunub. Bu da gənc heykəltəraşın istedadının göstəricisidir.

Elxan Zeynalov 2018-ci ildə bakalavr təhsilini başa vuraraq magistraturaya daxil olur. Elə həmin ildən pedaqoji fəaliyyətlə də məşğul olan heykəltəraşın yaradıcılığında yeni bir mərhələ başlayır. Magistr təhsilinə Xalq rəssamı, akademik Ömər Eldarov, Akif Əsgərov kimi görkəmli heykəltəraşlardan dərs alaraq davam edir. Azərbaycanın görkəmli şəxsiyyətlərinin, torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin obrazlarını yaratmağı qərara alır. Diplom müdafiəsində Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Allahverdi Bağırovun heykəlini hazırlayır. Heykəltəraş bu obrazı ərsəyə gətirərkən qəhrəmanı yaxından tanıyan birinci Qarabağ müharibəsi qazisi İlham Həsənovla məsləhətləşir. Beləliklə o, məğrur qəhrəman obrazı yaradır. Heykəlin Ağdam şəhərində ucaldılması nəzərdə tutulur.

Magistr diplomu müdafiəsindən sonra əsas məqsədi Milli Qəhrəmanların, şəhidlərimizin xatirəsini əbədiləşdirmək olur. Bu mövzuda 2016-cı ilin Aprel döyüşləri şəhidi Pəncəli Teymurovun, Bəxtiyar Hüseynovun, Vətən müharibəsində şəhid olan kapitan Həmid Cəfərlinin, Cəlil Cavadovun, Milli Qəhrəman Çingiz QurbanovMilli Qəhrəman, general Polad Həşimovun büstlərini hazırlayıb. Gənc tişə ustası bu mövzu ilə yanaşı, Xan Şuşinski, Hacı İsmayılov kimi tanınmış sənətkarların portret heykəllərini də ərsəyə gətirib. Hazırda gənc heykəltəraş Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tərbiyə müəssisəsində və Bakı İstanbul liseyində pedaqoji fəaliyyət göstərərək yaradıcılığına da davam edir.

 

Ziyarət CABAROVA

Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı

 

Mədəniyyət.- 2021.- 25 iyun.- S.7.