Əbədilik

 

Nizaminin sözlərinə bəstələnmiş mahnı-romanslardan ibarət musiqi albomu

 

 

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə hazırlanmış Eternity (Əbədilik) musiqi albomu ictimaiyyətə təqdim olunub.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasından (BMA) verilən məlumata görə, layihənin rəhbəri Türkiyədə yaşayan soydaşımız, Mimar Sinan İncəsənət Universitetinin doktorantı, musiqiçi Vüqar Qurbanov, musiqi redaktoru Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı İlham Nəzərov, prodüseri BMA-nın Xarici tələbələrlə üzrə şöbə müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov, dizayneri Səbinə Rəhimzadədir.

Azərbaycan mədəniyyətinin təbliği baxımından aktual olan layihədə Azərbaycanın dahi şəxsiyyəti və böyük şairi Nizami Gəncəvinin sözlərinə Üzeyir Hacıbəyli, Əfrasiyab Bədəlbəyli, Ağabacı Rzayeva, Tofiq Quliyev, Cahangir Cahangirov, Fikrət Əmirov, Süleyman Ələsgərov, Sevda İbrahimova, Gülnaz Abdullazadə, Ceyhun Allahverdiyev, Dilşad Əliyeva tərəfindən bəstələnmiş mahnı-romanslar yer alıb.

Albomda Nizami haqqında, həmçinin təqdim olunan ifalarla bağlı ingilis dilində məlumat verilib.

Musiqi albomunda tanınmış vokal ifaçıları Xalq artistləri Azər Zeynalov, Samir Cəfərov, Gülnaz İsmayılova, Əməkdar artistlər Fəridə Məmmədova, Anar Şuşalı və İlham Nəzərovun ifalarında musiqi nümunələri yer alıb. İfaçıları fortepianoda Xalq artisti Ülviyyə Hacıbəyova, həmçinin Dilşad Əliyeva, Svetlana Əhmədova, Təranə Məmmədova, Ülviyyə Kazımova, Bəbir Bəbirli müşayiət edib. XXI əsr Azərbaycan vokal məktəbi nümayəndələrinin ifasında həmin romanslar incə zövqlə, yüksək peşəkarlıqla səsləndirilib və onların qəlbləri oxşayan ifalarında Nizami poeziyasının gözəlliyi, dərinliyi öz bütünlüyü ilə əks olunub.

 

 

Mədəniyyət.- 2021.- 25 iyun.- S.2.